Cənubi Koreya “Nuri” raketdaşıyıcısı ilə 8 peyki orbitə çıxarmağa hazırlaşır

Tokio, 24 may , /AJMEDIA/

Cənubi Koreya kosmos proqramı çərçivəsində özünün milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin üçüncü buraxılışına hazırlaşır.
AJMEDIA xəbər verir ki, raketdaşyıcının buraxılışı Naro kosmodromunda yerli vaxtla saat 18:24-ə planlaşdırılıb. Çəkisi 200 ton olan raketin 8 peyki orbitə çıxarması gözlənilir. Bunlardan biri şərti peyk, biri raketin imkanlarını test etmək üçün nəzərdə tutulan peyk, digərləri isə ən son nəsil müxtəlif təyinatlı peyklərdir.
Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, son yoxlama işləri başa çatıb, hava raketin buraxılışı üçün əlverişlidir.
Qeyd edək ki, ötən ilin iyununda tamamını Cənubi Koreya mütəxəssislərinin hazırladığı və çəkisi 200 ton olan “Nuri” raketi sınaq tapşırığında şərti peyki Yer səthindən 700 kilometr yüksəkliyə qaldırıb. Cənubi Koreya bu uğurla Rusiya, ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə qaldıran raket istehsal edə bilən 7-ci ölkə adını qazanıb. Cənubi Koreyanın 2009-cu və 2010-cu illərdəki raket buraxılışları uğursuz olmuşdu. 2013-cü ildə isə ilkin mərhələdə çalışacaq mühərrikləri Rusiyada hazırlanan “Napo” raketinin buraxılışı uğurlu olub. Hökumət “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib. “Nuri” 2021-ci ildə ilk cəhdə 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çatdıra bilməmişdi.
Cənubi Koreya hökuməti 2027-ci ilədək daha 4 ədəd “Nuri” raketinin buraxılışını həyata keçirməyi planlaşdırıb. Növbəti hədəf isə Ay səthinə enə bilən modulun 2031-ci ildə kosmosa göndərilməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts