Azərbaycanla Misir arasında turizm əlaqələrinin inkişafı müzakirə edilib

Tokio, 16 may , /AJMEDIA/

Qahirədə Azərbaycan və Misir arasında turizm əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
AJMEDIA xəbər verir ki, ölkəmizin Misirdəki səfiri Elxan Poluxovun bu ölkənin turizm və qədim abidələr naziri Əhməd Issa ilə görüşündə iki dost ölkə arasında turizm və arxeoloji tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Misirli nazir qeyd edib ki, Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq dinamik templə inkişaf edir. O, ümidvar olduğunu bildirib ki, cari il dövlətlər və özəl şirkətlər arasında turizm və qədim abidələrin tanıdılması və tədqiqi üzrə əlaqələrin daha da möhkəmlənməsi il əlamətdar olacaq. Bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya uğurlu səfərini və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhsuldar görüşləri xatırladan Əhməd Issa vurğulayıb ki, danışıqların yekunlarına dair imzalanmış sənədlər ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaradacaq.
Səfir Elxan Poluxov, öz növbəsində, Azərbaycan-Misir əlaqələrinin sürətlə inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar olduğunu deyib. O diqqətə çatdırıb ki, Misirin kurort şəhəri Şarm əl-Şeyxə Bakıdan birbaşa aviareys həyata keçirilir və dost ölkəyə gələn azərbaycanlı turistlərin sayı durmadan artır.
Tərəflər 2007-ci ildə imzalanmış Misirlə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair Protokolun müddəalarının yerinə yetirilməsinin vəziyyəti, həmçinin birgə arxeoloji tədqiqatlar, qədim abidələrin qorunması, muzeylər arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts