ABŞ vətəndaşlarının Sudandan təxliyəsi başlayıb

Tokio, 29 aprel , /AJMEDIA/

ABŞ aprelin 28-dən etibarən Xartum və Port-Sudan şəhərləri arasında təşkil olunan marşrutla öz vətəndaşlarını Sudandan təxliyə etməyə başlayıb.
AJMEDIA “The New York Times” nəşrinə istinadla xəbər verir ki, dünən axşam saatlarında 300 amerikalını daşıyan avtobus karvanı Sudanın paytaxtını tərk edərək 840 kilometr məsafədə yerləşən Qırmızı dənizdəki limana yola düşüb. Bu, ABŞ vətəndaşlarının Sudandan təxliyəsi ilə bağlı ilk cəhddir.
Təxliyə əməliyyatı zamanı amerikalı hərbçilər dronlar vasitəsilə marşrut boyu potensial təhlükələri izləyib.
Böyük Britaniya bu gün vətəndaşlarının Afrika ölkəsindən çıxarılması işlərini başa çatdıracaq. Aprelin 25-dən bəri Birləşmiş Krallıq ümumilikdə 1573 nəfəri Sudandan təxliyə edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə beş hərbi-nəqliyyat təyyarəsi ilə 1834 nəfərin, o cümlədən 249 nəfər xarici ölkə vətəndaşının təxliyə olunduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə Prezident Cozef Bayden Sudanda sayları 16 min nəfərə yaxın olan Amerika vətəndaşlarının kütləvi şəkildə təxliyə edilməyəcəyini deyib. Birləşmiş Ştatlar əməliyyatları koordinasiya etmək üçün Port-Sudana hərbi kontingent göndərməyi planlaşdırır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts