Tokio, 30 dekabr , /AJMEDIA/
Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının Zirvə görüşündə çəkilən bir fotoşəkil çox mətləblərdən xəbər verir. Bəzən insanların davranışı müəyyən vəziyyətlərin şərhindən daha fəsahətli məlumat verir. Oradakı sarayların birində çəkilmiş fotoşəkildə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin yanında öz sahibini qəzəbləndirməkdən qorxan itaətkar kargüzar təsiri bağışlayırdı. Nikol sanki öz hökmlü sahibinin tapşırıqlarını yerinə yetirmək üçün təvazökarlıqla ona qulaq asırdı.
AJMEDIA xəbər verir ki, bu sətirlər erməni politoloq Samvel Ohanesyanın “Armenian Report” internet nəşrində dərc olunmuş analitik məqaləsində yer alıb.
Məqalədə daha sonra vurğulanıb ki, Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovhannisyan erməni dövlətinin öz semantik və funksional birliyini itirdiyini, bugünkü Ermənistanın ümidsiz, öz içindən dağılan ölkə olduğunu bildirib. O əlavə edib ki, hazırda erməni xalqı barıt çəlləyinin üzərində yaşayır, kobud səhvlər dövləti yeni fəlakətə aparır. Bu prosesi dayandıracaq mexanizmlər və siyasi formatlar isə yoxdur.
“Biz milli iflasın unikal tarixi mərhələsini yaşayırıq: nə edəcəyimizi bilmirik, bundan sonra nə olacağını təsəvvür etmirik. Ermənistanda ciddi böhran baş verir”, – deyə politoloq vurğulayıb.