“Zərdab” neft yatağının istismarının bərpası üzrə tədbirlər planı hazırlanır

Tokio, 13 aprel , /AJMEDIA/

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Zərdab” quruda neft yatağının istismarının bərpası üzrə tədbirlər planı hazırlayır. Bu səbəbdən yataqdakı istismar işləri dayandırılıb.
SOCAR-dan AJMEDIA-ya bildirilib ki, “Zərdab” yatağının istismarı dayandırılsa da, eyni bloka daxil olan “Muradxanlı” və “Cəfərli” yataqlarında istismar işləri davam etdirilir. Bu yataqlarda 25 quyu var və bu quyulardan gündəlik 32 ton neft hasil olunur.
“Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının ümumi sahəsi 642,2 kvadrat kilometrdir və müqaviləyə əsasən reabilitasiya ilə kəşfiyyat ərazilərinə bölünüb. Bu yataqlar Azərbaycanın İmişli rayonunun Yevlax-Ağcabədi neft-qaz bölgəsində yerləşir.
Quruda “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqları blokunun hasilat bölgüsü, bərpası, işlənməsi və kəşfiyyatı haqqında müqavilə 2016-cı ilin martında “Zenith Energy” və SOCAR arasında imzalanıb. Müqavilə çərçivəsində hasilat 2016-cı ilin avqustunda başlayıb. 2020-ci ilin noyabrında “Zenith Energy Ltd.” SOCAR ilə müqavilənin qüvvədən düşdüyünü bildirib.
Yataqlar hazırda SOCAR “Azneft” İstehsalat Birliyinin balansındadır və Əli Əmirov adına Neft-qazçıxarma İdarəsinin Muradxanlı neft-qazçıxarma kompleksi tərəfindən istismar olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts