Tokio, 13 sentyabr , /AJMEDIA/
Mən məcburi köçkün olaraq Abşeron rayonunda müvəqqəti məskunlaşmışdım. Bu gün isə mənim üçün köçkünlük həyatı sona çatır, çünki biz doğulduğumuz yerlərə qayıdırıq.
Bu sözləri AJMEDIA-ya müsahibəsində doğma yurduna qayıdan Zəngilan sakini Filya İsgəndərova söyləyib.
Ermənistanın işğalından azad olunan Zəngilana uzun köçkünlük həyatından sonra ilk dəfə gedəcəyini vurğulayan Filya İsgəndərova əlavə edib: “Bundan sonrakı həyatımı və işlərimi Zəngilanda davam etdirəcəyəm, çox həyəcanlı və sevincliyəm”.
Qeyd edək ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (123 nəfər) bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.