Tokio, 10 dekabr , /AJMEDIA/
Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsinin təntənəsi olan, Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirən Zəfər paradının üçüncü ildönümüdür.
Azərbaycan Ordusunun bundan öncə də hərbi paradlarının şahidi olmuşduq. Lakin keçən üç il əvvəl keçirilən parad öz əhəmiyyətinə, dəyərinə görə digər paradlardan fərqlənir. Əvvəlki paradlar Ordumuzun gücünün nümayişi idisə, Zəfər paradı üzərinə düşən missiyanı uğurla yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad edən Ordumuzun həm gücünün, həm də xalqımızın birliyinin, Vətən sevgisinin bütün dünyaya bəyan edilməsi idi.
Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Dövlət başçısının söylədikləri sözlər tezliklə həqiqətə çevrildi, müzəffər Ordumuzun işğaldan azad etdiyi Qarabağımızda qaldırılan bayraq Zəfər paradında dalğalandırıldı.
Vətən müharibəsində hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları Zəfər paradında qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani şəkildə nümayiş etdirildi. Şübhəsiz, bu parad dosta güvən, qürur, düşmənə kədər bəxş etdi. Bu Qələbə paradı həm də dünyaya bir mesaj idi: hər bir ölkə gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və süni şəkildə dondurulmuş münaqişələr bir gün alovlanıb, haqlı tərəfin qələbəsi ilə bitəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirak etməsi isə Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını bir daha dünyaya nümayiş etdirdi. Qələbə paradında iki ölkə prezidentinin birlikdə iştirak etməsi, müdafiə nazirinin hər iki ölkə başçısına raport verməsi və iki ölkə prezidentinin birlikdə Qalib Ordunu salamlaması tarixi an idi.
Xatırladaq ki, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edərək bu günün tarixi bir gün olduğunu söylədi:
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Bu günə qədər Azadlıq meydanında çox paradların keçirildiyini deyən dövlətimizin başçısı Zəfər paradının xüsusi önəminin olduğunu vurğuladı: “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Vüqar Ağayev