Tokio, 12 dekabr, /AJMEDIA/
Fransanın Sakit okeanda dənizaşırı ərazisi olan Yeni Kaledoniada ümumxalq səsverməsi (referendum) keçirilir. Kaledoniyalılar Fransa müstəmləkəsindən azad olmaq və ya onun tərkibində qalmaq kimi seçimlərdən birinə üstünlük verməlidirlər.
Yeni Kaledoniya artıq 50 ilə yaxındır ki, müstəmləkədən azad olmaq, tam suveren olmaq, öz müqəddəratını təyin etmək arzusunu ifadə etsə də, Fransa bu arzunu boğur. Digər ölkələrdə separatçıları, cinayətkar rejimi dəstəkləyən Paris özünün müstəmləkəsində olan və müstəqillik arzusu ilə yaşayan kaledoniyalıları əsarətdə saxlamaqda davam edir.
1998-ci ildə imzalanmış Numea sazişinə görə Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməlidir. Fransadan 17 min kilometrə qədər uzaqda yerləşən və onun dənizaşırı ərazisi hesab edilən Yeni Kaledoniyanın müstəmləkədən çıxması üçün kaledoniyalılar artıq 3-cü və sonuncu referendum vasitəsilə fikirlərini bildirməyə başlayıblar. Ancaq bu səsvermə əvvəlkilərdən çox fərqlənir.
Sakit okeanda yerləşən və separatçıların iştirak etmək istəmədiyi referendumla bağlı bu kiçik adada səsvermə məntəqələrinin yerləşdiyi müəyyən strateji yerlərdə 2000 jandarm və hərbçi yerləşdirilib. “Le Monde” qəzetinin internet portalında dərc olunmuş məqaləyə görə son günlərdə 1400 mobil jandarm, 15 mobil jandarm eskadronu, qısamüddətli bölük əsgərləri və yüksək riskli sahə üzrə ixtisaslaşmış milli jandarm müdaxilə qrupunun (GİGN) 100-ə yaxın üzvü əraziyə gətirilib. Ərazidə olan jandarm və polisin ümumi sayı 2000-ə çatıb. Canlı qüvvə ilə bərabər adaya 160 hərbi texnika, eləcə də 30-a yaxın zirehli texnika göndərilib. Bu qədər hərbi və hüquq-mühafizə vasitələrinin bu kütləvi mövcudluğu bir çox suallar doğurur. Qüvvələrin bu cür yerləşdirilməsi təxminən 270 min əhalisi olan bu ərazinin təhlükəsizlik vəziyyətini işıqlandırır. Nədən qorxurlar? Nəticələrin elan olduğu günü ertəsi sərt kin reaksiyalarının qələbə nümayişləri ilə toqquşa bilərmi? Ən azından qorxmaq lazımdır ki, bu güc nümayişi seçki bülleteninə, eləcə də səsvermənin demokratik düzgünlüyünə təsir edir.
Əvvəlki iki referendum zamanı bu müstəsna güc nümayişi o qədər də kütləvi olmayıb. İndiki vəziyyətlə bağlı dənizaşırı ərazilər üzrə nazir bildirib ki, Fransa tərəfdarları olan insanlar ağır silahlandırılıb. Separatçılar və kanak icması əraziyə səfərbər edilmiş bu gücü onlara qarşı təzyiq forması kimi qiymətləndirirlər. “Biz özümüz bu ərazidə artan hərbi mövcudluğun əsl səbəbi və Fransa dövlətinin çatdırmaq istədiyi mesaj barədə sual veririk. Biz müharibədəyikmi? Ölkəmizin militarizasiyasını dayandırın!”,-deyə müstəqillik hərəkatının əsas komponentlərini bir araya gətirən, 3-cü referendumda iştirak etməməyə çağıran Müstəqillik Strateji Komitəsi israrla bildirib. O, ümumxalq səsverməsinin “düzgün və rəvan” keçirilməsi üçün sakitliyə çağırışını təkrarlayıb.
Yeni Kaledoniyanın yeraltı təbii ehtiyatlarının zənginliyi, eləcə də onun Sakit okeanda geostrateji mehvər olması böyük dövlətlərdə paxıllıq, eləcə də ona qarşı tamah doğurur. Çin, ABŞ kimi dövlətlər bu sərvətlərlə çox maraqlanırlar. Ancaq Fransa bu sərvətlərdən bəhrələnmək üçün bu qədər acizdirmi? Bu sərvətləri gəlir mənbəyinə çevirə bilmirmi? Onları qiymətləndirməyə qadir deyilmi? Fransızların adada uğursuzluğunu necə izah etmək olar? Fransanın müstəmləkəçi siyasəti artıq işləmir və müstəqilliyə nail olmaq üçün indiyədək nəticəsiz qalan cəhdlər onun son nöqtəsi kimi görünür. Baş verənlər göstərir ki, Paris resursların sərfəli istismarını təşkil edə bilmir.
Yeni Kaledoniya geostrateji nöqteyi-nəzərdən də Fransa üçün böyük əhəmiyyət daşıyır. Bəzi fransız siyasətçilər hesab edirlər ki, Yeni Kaledoniya müstəqillik qazandığı təqdirdə Fransa Sakit okean zonasından sıxışdırılaraq çıxarılacaq və bu zona Çinin nüfuz dairəsinə keçəcəkdir. Çinin bu zonadakı adalarda ayağını bərkitməsi gizli deyil.
Bəzi fransız siyasətçilər bildirir ki, ada Fransa üçün rentabelli deyil və buna görə də Fransa adadan canını qurtarmağa çalışır. Halbuki, digər böyük dövlətlərin Sakit okeanda əsas strateji mehvər olan adada gözü olduğu danılmazdır. Buradan aydın görünür ki, Fransa 3-cü referendumun nəticələrindən narahatdır. Adanı itirəcəyi halda sonradan özünə haqq qazandıra, AUKUS məğlubiyyətindən sonra bir daha məğlubiyyətə uğradığını maskalaya bilməlidir.
Yeni Kaledoniya müstəqilliyə “hə” desə belə asanlıqla fransız müstəmləkəsindən azad ola bilməyəcəyi, 18 ay müddətinə keçid mərhələsini izləməli olacağı bildirilir.