“Yeni adlar” layihəsi çərçivəsində Filarmoniyada konsert

Tokio, 2 aprel , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərin iştirakı ilə konsert keçirilib.

Filarmoniyanın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, proqramda dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları, pianoçular Vurğun Vəkilov və Leyla Zeynalova çıxış ediblər.

Tamaşaçılar Dmitri Şostakoviç və Sergey Raxmaninovun əsərlərindən ibarət konsert proqramını böyük maraqla qarşılayıblar. Konsert gurultulu alqışlarla başa çatıb.

Qeyd edək ki, Vurğun Vəkilovun adı 2009-cu ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Musiqiçi müxtəlif müsabiqələr və festivalların laureatı və birinci yerin sahibidir, onların arasında “Citta di Pesaro” VIII beynəlxalq müsabiqəsi (İtaliya), Adilə Əliyeva adına X Beynəlxalq pianoçular müsabiqəsi (Fransa) və başqaları var. Vəkilov “Ecole normale de musique de Paris-Alfred Cortot” musiqi akademiyasının tələbəsidir.

Leyla Zeynalovanın da adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Pianoçu Böyük Britaniya, Danimarka, Belçika, Almaniya, Polşa, Latviya, Rusiya, BƏƏ, Türkiyə, Gürcüstan, Estoniyada konsertlərlə çıxış edib. L. Zeynalova bir neçə beynəlxalq müsabiqələrin laureatıdır.

“Yeni adlar” layihəsi gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onun musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, onların geniş auditoriya tərəfindən tanınmasına köməklik edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts