Yazıçı ilə onlayn müsahibə təşkil edildi

Tokio, 2 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Yazıçı ilə onlayn müsahibə təşkil edildi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin Yeni Çağ Medianın informasiya dəstəyi ilə kitabxananın oxucuları üçün onlayn müsahibəsi təşkil edildi.
Yazıçının əsərləri Mərkəzi Kitabxananın oxucuları tərəfindən maraqla və sevilə-sevilə oxunur. Onlayn görüşdə yazıçı oxucuları maraqlandıran suallara cavab verdi. O, yaradıcılığı haqqında danışarkən bildirdi ki, yazıçı əsərlərində həyatının bir parçasını təsvir edir, öz düşüncələrini qələmə alır. O, müasir gənclərin üzləşdiyi çətinliklərdən, mühitdən, ədəbiyyata, mütaliəyə maraqdan söhbət açdı. Yazıçı oxucuların suallarını cavablandırarkən həyat sınaqlarından da bəhs etdi. O, yaradıcılığının əsas mövzusunun Qarabağ mövzusu olduğunu diqqətə çatdırdı. Yazıçı Qarabağ hadisələri başlayanda təzyiqlərə məruz qalmağına baxmayaraq Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısı olmuşdur. N.Məmmədli “Arqumentı i faktı”, “Komsomolskaya pravda” qəzetlərində Qarabağ həqiqətlərini əks etdirən məqalələrlə çıxış etmişdir.

Nüşabə Məmmədlinin 1970-ci ildən mütəmadi olaraq “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində və müxtəlif adda yerli mətbuatda lirik şerləri, hekayələri və povestləri çap edilib. Nüşabə Məmmədli ilk böyük həcmli “80 budağın hərəsindən bir yarpaq” sənədli povesti xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr edib. Nüşabə xanımın ikinci kitabı Qarabağda ermənilər tərəfindən əsir götürülmüş qadınlarından bəhs edən romanıdır ki, təkcə bu əsərə görə Azərbaycanın və xarici ölkələrin müxtəlif adda mükafatlarına layiq görülmüşdür. Nüşabə Məmmədlinin “Bu bir oyundur” hekayələr kitabı, “Göylərdən keçən ömür” sənədli povesti və “Vicdan dustağı” romanı oxucuların böyük marağına səbəb olmuşdur. Qəzet və jurnallarda dərc edilmiş onlarla bədii əsərlərin və 150-yə yaxın publisistik məqalələrin müəllifidir.
Nüşabə Məmmədlinin əsərləri rus, ukrayna, özbək, alman və ingilis dillərinə tərcümə edilmişdir.
Ətraflı:

Follow us on social

Facebook Twitter Youtube

Related Posts