Tokio, 13 noyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, xalq şairi Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə oxucuların istəyi ilə “Neynəyəcəksən” şeirini təqdim etdi.
Müəllif bu şeirdə qəlbindəki incə hissləri, sevgini özünəməxsus şeir dili ilə oxuculara çatdırır. Bəzən giley dolu, bəzən də kövrək notlara köklənən şair hissləri tərənnüm olunur.
Neynəyəcəksən?
Hələ ki, rüzgarsan sevgimdən bezən,
Tale yetirəndə, neynəyəcəksən?
Hələ ki, yanından kanar edirsən,
Qalsam xatirəndə, neynəyəcəksən?
Bilirdin səninəm gəldin, götürdün,
Solurdum göyərtdin, biçdin, bitirdin,
İncitdin, kövrəltdin, tapıb-itirdin;
Tamam itirəndə neynəyəcəksən?
Daha nə limanın, nə sahilinəm,
Nə odlu közünəm, nə də külünəm,
Dəli təkəbbürün səninlə hərdən,
Yola getməyəndə neynəyəcəksən?
Hələ də bilmirəm niyə sevirəm,
Bəlkə dəliyəm ki, əl çəkəmmirəm?
Tutaq, mən yetmədim kama, cəhənnəm!
Özün yetməyəndə neynəyəcəksən?
Nə fərqi, nə sanıb ram oldum sənə?
Hələ ki, saçların yatmır sinəmə,
Alovlu, çovğunlu bu “cəhənnəmə”
Pənah gətirəndə neynəyəcəksən?…