“Yaradıcı oxucularımız” layihəsi yeni əsərlərlə zənginləşdirilir

Tokio, 2 avqust , /AJMEDIA/

“Yaradıcı oxucularımız” layihəsi yeni əsərlərlə zənginləşdirilir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi yeni yazılan əsərlərlə daima zənginləşdirilir.
Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist Nüşabə Məmmədli kitabxanya yeni yazdığı “Bağışlayardım” mənsur şeirini təqdim etdi. Müəllif şeirdə nakam sevgini, həsrəti lirik, həzin notlarla qələmə alır. Sevgini uca tutmaq arzusunu bildirir.
BAĞIŞLAYARDIM…
Yenə bitmisən yolumun üstə. Küçə həmin küçə, döngə o döngə. Məndə həmin mən. Təkcə sən dəyişmisən, sən. Nə əvvəlki vüqarından əsər-əlamət var, nə əzəmətindən, nə də məhəbbətindən. Yazıqlaşmısan, cılızlaşmısan, qayıtmısan, ayılmısan.
Bilirdim, bilirdim ki, bir gün dönəcəksən.
Bilirdim ki, qayıdacaqsan, alçalacaqsan, enəcəksən.
Nəzərlərimiz rastlaşdı yenə. Davam gətirmədin, dözə bilmədin baxışlarımın ağırlığına. Gözünü yayındırdın, ayaqlarına baxdın. O ayaqlarına ki, bir vaxt bu döngəni, bu küçəni tərk etmişdi, uzaqlara, əlçatmaz yerlərə aparmışdı səni.
Xırıltılı bir səslə mızıldayırsan: “Bağışla məni bağışla”. Kiçilirsən, alçalırsan, bu yalvarışlarınla.
Bağışlayardım. Bu küçəyə, bu döngəyə birdə gəlməsəydin, yazıqlaşmasaydın, yalvarmasaydın.
Axı, niyə gəldin, niyə? Niyə qayıtdın, niyə? Axı deyirlər xəyal həqiqət olmur. Sən xəyal idin, vüsal idin. Çəkilmişdin ərşə. Niyə endin, niyə? Niyə danışdın, niyə dindin, niyə?
Onsuz da bağışlamışdım səni. Bu küçəni bu döngəni tərk edəndə. Bu gediş də mənim qismətim idi. Həsrətim idi, xiffətim idi, məhəbbətim idi.
Deyirsən, bağışla. Bağışlayardım, geri dönməsəydin, qalxdığın yüksəklikdən enməsəydin…

Follow us on social

Facebook Twitter Youtube

Related Posts