Yaponiyanın yutub kanalında ulu öndər Heydər Əliyevə həsr olunan veriliş yayımlanıb VİDEO

Tokio, 16 noyabr , /AJMEDIA/

Yaponiyanın “Cross Border Clube 3.0” yutub kanalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr oluna xüsusi veriliş yayımlanıb.
AJMEDIA xəbər verir ki, verilişin aparıcısı, Yaponiyada yaxşı tanınmış bloqer Kazuyasu İşida əvvəlcə cari ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi barədə məlumat verib. Bildirib ki, bu münasibətərin əsası 1992-ci ildə qoyulsa da, ulu öndər Heydər Əliyevin 1998-ci ildə Yaponiya səfərindən sonra tamamilə yeni mərhələyə qalxıb. Məhz bu böyük dövlət xadiminin irəli sürdüyü təşəbbüslər, həyata keçirilən nəhəng layihələr nəticəsində iki ölkə arasında sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşıb.
Verilişdə Azərbaycan xalqının keçmiş Sovet İttifaqının dağılması ərəfəsində qarşılaşdığı çətinliklər, 1990-cı il yanvarın 20-də ermənilərin separatçılıq hərəkatına etiraz edən xalqımıza qarşı törədilən qanlı faciə barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, bu hadisələrə siyasi qiymət məhz Heydər Əliyev 1993-cü ildə müstəqil Azərbaycan dövlətinin Prezidenti seçildikdən sonra verilib. Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs elan olunduğu, həmçinin həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğu yapon izləyicilərin diqqətinə çatdırılıb. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin tərəqqi və inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib.
Verilişdə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması barədə də ətraflı bəhs edilib.
Son 20 ildə Azərbaycana dəfələrlə səfər etdiyini vurğulayan K.İşida burada Yaponiyaya, yapon xalqına xüsusi dost münasibətin şahidi olduğunu xüsusi qeyd edib. Bildirib ki, Qafqazın bu əsrarəngiz ölkəsi yaponlar tərəfindən hələ kifayət qədər öyrənilməyib və bu məqsədlə onun rəhbərlik etdiyi qrup cari ilin sonlarından başlayaraq xüsusi layihələr həyata keçirməyi planlaşdırır. Həmin layihələr Yaponiya və Azərbaycan arasında qarşılıqlı turist səfərlərinin inkişafına, iki xalqın bir-birinin tarixini və mədəniyyətini daha dərindən öyrənməyə şərait yaradacaq. Həmin tədbirlər zamanı erməni işğalından azad edilən Qarabağdan, burada aparılan nəhəng bərpa və quruculuq işlərindən də geniş bəhs olunacaq.
K.İşida səfər etdiyi 50-dən çox ölkə arasında Yaponiya haqda ən müsbət düşüncələrə malik olan Azərbaycanın vətəni üçün əsl dost ölkə olduğunu xüsusi qeyd edib. Bunu Azərbaycana giriş vizasının yaponlar üçün pulsuz olmasının birbaşa təsdiq etdiyini bildirib. İzləyicilərini Azərbaycanı daha yaxından öyrənməyə, bu ölkəni daha yaxşı tanımaq üçün buraya turist səfərlərinə getməyə dəvət edib.
Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının hazırda 128 mindən çox abunəçisi, 500 mindən artıq izləyicisi var.


Follow us on social

Facebook Twitter Youtube

Related Posts