Yaponiyanın yutub kanalında Azərbaycanın son illər əldə etdiyi uğurlardan bəhs olunub

Tokio, 10 oktyabr , /AJMEDIA/

Yaponiyanın “Cross Border Club 3.0” yutub kanalında Azərbaycanın son illər qazandığı uğurlardan bəhs edən növbəti veriliş yayımlanıb.
AJMEDIA xəbər verir ki, verilişin aparıcısı Yaponiyada kifayət qədər tanınmış yutub bloqeri Kazuyasu İşida və verilişin qonağı Yuji Lizuka Azərbaycana səfərləri və burada qarşılaşdıqları böyük hörmət və qonaqpərvərlik haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, Azərbaycanda Yaponiyaya olan xüsusi hörmət və maraq iki dost ölkənin xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.
Cari ilin fevralında Qarabağa səfəri barədə məlumat verən K.İşida qeyd edir ki, 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal altında saxlanan həmin ərazilərdə gördüyü dağıntılar onu dəhşətə gətirib. Bildirib ki, Azərbaycan hökuməti hazırda həmin ərazilərdə sürətlə çox nəhəng bərpa və yenidənqurma işləri aparır. Azad edilmiş ərazilərdə yeni və müasir tələblərə cavab verən infrastruktur və sosial obyektlər inşa olunur. Bu rayonlara çəkilən yollar, inşa edilən aeroportlar özünün yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir. Füzuli beynəlxalq aeroportunun dünyanın ən qabaqcıl ölkələrinin hava limanlarından geri qalmadığı xüsusi vurğulanır. Qeyd edir ki, gözəl və füsunkar təbiətə malik olan Qarabağda turizmin inkişafı üçün əlverişli şərait var. K.İşida Azərbaycan mətbəxinin, xüsusən Qarabağ yeməklərinin öz ləzzəti ilə hər bir turist üçün cəlbedici olduğunu bildirib.
2017-ci ildə Bakıdakı dənizkənarı bulvarda yerləşən “Biznes mərkəzi”ndə təşkil edilən “Japan food expo” sərgisinin yerli sakinlər tərəfindən çox böyük maraqla qarşılandığını xatırladan yapon bloqer Azərbaycan qida məhsullarının da son illər Yaponiyada tanınmağa başladığını qeyd edib.
Verilişdə Azərbaycanın Avropanın enerji təchizatında oynadığı əvəzedilməz rola da toxunulub. Qeyd edilib ki, beynəlxalq aləmdə baş verən son proseslər fonunda bütün dünyada enerji mənbələrinə tələbat kəskin artıb. Belə bir dövrdə Azərbaycan müraciət edən bütün ölkələrlə bu sahədə faydalı əməkdaşlıq qurmağa hazır olduğunu nümayiş etdirir. Yaponiyanın da Azərbaycan ilə bu sahədə əməkdaşlıq əlaqələri qurmasını vacibliyi vurğulanıb.
Təqribən bir saat davam edən verilişdə Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinə də toxunulub. Əsasən müsəlmanların yaşadığı ölkə olmasına baxmayaraq, Azərbaycanda digər dinlərin nümayəndələrinə də xüsusi hörmətlə yanaşıldığı qeyd edilib.
Verilişdə tamaşaçıların Azərbaycan haqqında sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, Yaponiyada populyarlığı ilə seçilən “Cross Border Club 3.0” yutub kanalının hazırda 119 min abunəçisi, 500 mindən çox izləyicisi var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts