Yaponiyanın Osaka şəhərində Novruz bayramı qeyd edilib

Tokio, 21 mart, /AJMEDIA/

Yaponiyanın Kansay regionuna daxil olan Osaka şəhərində Novruz bayramı soydaşlarımızın iştirakı ilə qeyd edilib.

Bu barədə AJMEDIA-ya tədbirin təşkilatçıları – Osakada yaşayan həmyerlimiz Emil Məmmədov və Vakayama prefekturasında yaşayan Minarə Şükürova məlumat veriblər. Festivalın təşkili haqda Minarə xanımın təşəbbüsü Emil bəy və Osakada yaşayan azərbaycanlılar tərəfindən böyük maraqla qarsalanıb. “Novruz festivalı-2025” adlanan tədbirin təşkilində əsas təşkilatı işləri Minarə xanım və Emil bəy birlikdə həyata keçiriblər. Belə ki, Festival zamanı təqdim edilən dekorasiya və milli geyimləri Minarə xanım təqdim edib. Emil bəy isə festivalın keçiriləcəyi yer, iştirakçılar və rəqsləri ifa edəcək yapon rəqqasələr ilə danışıqlar aparıb. Festival zamanı təqdim edilən milli yeməkləri və bayram şirniyyatını Emil bəyin həyat yoldaşı Gülnar xanım hazırlayıb.

Festival barədə internet vasitəsilə yayılan elana Osakada yaşayan təqribən 40-a yaxın azərbaycanlı, türk və yapon müsbət cavab verib. Osakaya daxil olan Minoh şəhəri Əməkdaşlıq Mərkəzində keçirilən tədbirə həmin vaxt bu şəhərdə olan Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Günel Yüzbaşova da qatılıb.
Tədbiri giriş sözü ilə açan Emil bəy və Minarə xanım qonaqları salamlayaraq Osakada ilk dəfə təşkil edilən festivala qatıldıqlarına görə onlara minnətdarlıqlarını bildiriblər. Təbiətin oyanışı ilə əlaqədar keçirilən Novruz bayramının birlik, həmrəylik, mehribançılıq, dostluq və səmimiyyət kimi xoş məziyyətləri özündə birləşdirməsindən geniş danışıblar. Qeyd ediblər ki, bu bayram məhz Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Sonra qonaqlara yapon rəqqasələr Ayako Date və Akina Doinin ifasında Azərbaycan milli rəqsləri təqdim edilib. Uşaqlar Azərbaycan, Vətən və Novruz haqda şeirlər söyləyiblər. Novruz atributları ilə bəzədilmiş guşə və Gülnar xanımın hazırladığı milli yeməklər və şirniyyatlar qonaqlar tərəfindən maraqla qarşılanıb. Milli musiqi sədaları altında rəqs edən iştirakçılar çox şənlənərək xatirə fotoları çəkdiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts