Yaponiyanın hakim partiyası parlamentin yuxarı palatasına keçirilən seçkilərdə qələbə qazanıb

Tokio, 11 iyul , /AJMEDIA/

Yaponiyanın hakim koalisiyası parlamentin yuxarı palatasına iyulun 10-da keçirilən seçkilərdə inamlı qələbə qazanıb.
AJMEDIA seçki komissiyalarını icmal məlumatına istinadla xəbər verir ki, Fumio Kişidanın rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP) koalisiya tərəfdaşı “Komey-to” Partiyası olmadan belə yerlərin yarıdan çoxunu – 63 yer qazanıb.
Göstərilən yüksək etimada görə seçicilərə minnətdarlığını bildirən F.Kişida ölkə qarşısında duran problemlərin həlli üçün var gücləri ilə çalışacaqlarını, ölkə iqtisadiyyatını bərpa edəcəklərini vəd edib.
Ölkənin əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyası (KDP) yeni lider İzumi Kentanın rəhbərliyi ilə yuxarı palatada bir neçə yer itirərək cəmi 17 mandat qazana bilib. Seçkilərin nəticələrini şərh edən İ.Kenta bildirib ki, KDP-nin reytinqinin hələ də aşağı olması, onlardan öz üzərlərində çalışmağı və xalqın dəstəyini bərpa etməyi tələb edir.
Ölkə Konstitusiyasında dəyişiklikləri dəstələyən “Yaponiyanın Yeniləşməsi Cəmiyyəti” isə 12 yer qazanıb. Parlamentin yuxarı palatasında təmsil olunan digər partiyaların hər birinin 5-dək mandat qazandığı qeyd edilir.
Xatırladaq ki, “Yaponiyanın Yeniləşməsi Cəmiyyəti” və Xalq Demokratik Partiyası Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. Bu qüvvələrin hamısı birlikdə yuxarı palatada üçdə ikidən çox yerə sahib olublar.
Yaponiya qanunvericiliyinə əsasən, 1947-ci ildən bəri qüvvədə olan ölkə Konstitusiyasında dəyişikliklər yalnız referendum yolu ilə edilə bilər. Referendumun keçirilməsini isə parlamentin həm aşağı, həm də yuxarı palatasındakı deputatların üçdə ikisi təklif edə bilər.
Qeyd edək ki, Yaponiya parlamentinin yuxarı palatasına seçkilər sabiq Baş nazir Şinzo Abenin qətlindən cəmi iki gün sonra keçirilib. F.Kişida bu aktı Yaponiya demokratiyasına qarşı zorakılıq çağırışı adlandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts