Yaponiyanın hakim partiyası maliyyə qalmaqalına görə 39 deputatı cəzalandırıb

Tokio, 4 aprel , /AJMEDIA/

Yaponiyanın hakim Liberal-Demokratik Partiyası (LDP) siyasi ianələrin toplanması zamanı hesabat pozuntuları ilə bağlı qalmaqal səbəbindən 39 deputatını cəzalandırıb.

AJMEDIA xəbər verir ki, müvafiq qərar partiyanın intizam komissiyası tərəfindən qəbul edilib.

Yaponiyanın sabiq təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri və LDP-də ən böyük daxili partiya fraksiyasının rəhbəri Ryu Sionoeyə partiyanı könüllü tərk etmək təklif olunub. Analoji təklif parlamentin yuxarı palatasındakı LDP fraksiyasının sabiq lideri Hirosiqe Sekoya da edilib.

Qalmaqalla əlaqəsinin olmadığını deyən Hirosiqe Sekoya isə öz növbəsində intizam komissiyasına partiya rəhbərliyinin “diktator üsulları” ilə bağlı ərizə ünvanlayıb. O, həmçinin LDP-nin sədri, Baş nazir Fumio Kişidanın cəzasız qalmasını ədalətsiz sayır.

Bundan başqa, intizam komissiyası sabiq iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimuranın və LDP Siyasi Şurasının sabiq rəhbəri Hakubuna Simomuranın partiya üzvlüyünü bir il müddətinə dayandırmaq qərarına gəlib. Partiyanın qalmaqalda adı hallanan digər üzvlərinə qarşı isə partiya postlarından məhrumetmə, seçkilərdə dəstəyin geri götürülməsi və digər tədbirlər görülüb.

İndiyədək maliyyə pozuntuları ilə bağlı nazirlər, onların müavinləri və LDP rəhbərliyinin üzvləri də daxil olmaqla, 15 siyasətçi vəzifəsini itirib. Son sorğulara görə, hadisələr fonunda Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinə dəstək rfeytinqi rekord minimuma enərək 20 faizdən də aşağı düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts