Yaponiyanın Baş naziri parlamentdə müxalifətin Şinzo Abenin dəfn mərasimi ilə bağlı suallarını cavablandıracaq

Tokio, 31 avqust , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin xüsusi sessiyasında iştirak etməyi və müxalifətin iyulun 8-də qətlə yetirilən sabiq Baş nazir Şinzo Abenin dövlət dəfn mərasimi ilə bağlı suallarını cavablandırmağı planlaşdırır.
AJMEDIA xəbər verir ki, bu barədə avqustun 31-də Kyodo agentliyi məlumat yayıb. Koronavirus ilə bağlı karantin müddəti başa çatdıqdan sonra iqamətgahına gələn F.Kişida jurnalistlərin bu barədə sualını cavablandırarkən iclasa şəxsən qatılacağını bildirib.
Xatırladaq ki, Yaponiya parlamentinin son sessiyası avqustun əvvəllərində başa çatıb. Sentyabr və ya oktyabr aylarında daha bir növbədənkənar sessiyanın keçiriləcəyi gözlənilir. Bununla yanaşı, daha vacib məsələlər sessiyalar arasında, parlamentin komitələrinin iclaslarında müzakirəyə çıxarıla bilər.
Bu ərəfədə müxalifət partiyaları hökumətə başçılıq edən Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişidadan deputatlara və əhaliyə Ş.Abenin dövlət dəfn mərasiminin təşkili barədə qərarın qəbulunun səbəblərini izah etməyi tələb ediblər.
İyulun əvvəllərində sabiq Baş nazirin qətli bütün Yaponiyada şoka səbəb olsa da, hökumətin onun dövlət dəfn mərasiminin təşkili barədə qərarı birmənalı qarşılanamyıb. Sosial sorğulara qatılan sakinlərin yarıdan çoxu bu qərarı dəstəkləmədiyini bildirib.
Tokioda etiraz aksiyaları təşkil edənlər isə dövlət dəfn mərasiminin təşkilinin onların düşüncə azadlığı hüququnu pozduğunu bildirirlər. Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hökumətin müəssisə və təşkilatlara başsağlığı verilməsi ilə bağlı göstəriş verməyəcəyini və onlardan hər birinin bu barədə müstəqil şəkildə qərar qəbul edəcəyini bildirib.
Xatırladaq ki, dövlət dəfn mərasimi sentyabrın 27-də Tokiodakı “Budokan” idman sarayında keçiriləcək. Tədbirdə təqribən 6 min nəfərin, o cümlədən yüzlərlə xarici qonağın iştirakı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts