Yaponiyanın Baş naziri ABŞ Nümayəndələr Palatasının sədri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Tokio, 5 avqust , /AJMEDIA/

Avqustun 5-də Yaponiyanın Baş naziri Fumio Kişida və Tokioda səfərdə olan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi birgə səhər yeməyi zamanı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, görüş zamanı əsasən N.Pelosinin Tayvan səfərindən sonra regionda artan gərginlik, bu ərazidə sülhün və sabitliyin qorunması mövzusu diqqət mərkəzində olub. Baş nazir Fumio Kişida N.Pelosinin ikitərəfli alyansın möhkəmlənməsi, azad və açıq Hind-Sakit okean regionu layihəsinin reallaşması istiqamətində aparıcı rol oynamaqda davam edəcəyinə ümidvar olduğunu qeyd edib.
“Biz Tayvan boğazında sülhün və sabitliyin qorunması üçün birlikdə çalışacağımızı bir daha təsdiq etdik”, – deyə F.Kişida görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, N.Pelosinin Yaponiyaya səfəri onun Sinqapur, Malayziya, Tayvan və Cənubi Koreyaya baş tutan Asiya turunun yekun mərhələsi hesab olunur.
Diplomatik qarşıdurmaya baxmayaraq, Çin Tayvan ilə də sıx iqtisadi münasibətlərə malik olan Yaponiyanın mühüm tərəfdaşı olaraq qalır. Buna görə də Yaponiya N.Pelosinin Tayvana səfəri barədə rəsmi mövqe bildirməkdən çəkinir.
Baş nazirin Nümayəndələr Palatasının sədri ilə görüşündə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin, o cümlədən Şimali Koreya və Rusiya mövzularının da diqqət mərkəzində olduğu qeyd edilir.
F.Kişida ilə birgə səhər yeməyindən sonra N.Pelosinin Yaponiya Nümayəndələr Palatasının sədri Hiroyuki Hosoda ilə görüşü gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts