Tokio, 9 oktyabr , /AJMEDIA/
“Tet İnternational Development” LLC-nin təşkilatçılığı ilə Yaponiyadan gələn iş adamları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində Şəki şəhərinin tarixi məkanları ilə tanış olub, istehsal müəssisəsinə baş çəkiblər.
AJMEDIA xəbər verir ki, yaponiyalı iş adamları əvvəlcə şəhərin qədim tarixi hissəsinə – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Yaponiyalı qonaqların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilib.
Qonaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.
Şəkiyə səfərləri çərçivəsində yaponiyalı iş adamları “Tet İnternational Development” şirkətinin rayonda fəaliyyət göstərən tütünqurutma müəssisəsi ilə də tanış olublar