Yaponiyadakı soydaşlarımız Zəfər Günü ilə bağlı xüsusi vidoeçarxı internet resurslarında paylaşıblar

Tokio, 8 noyabr , /AJMEDIA/

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin (AYDM) təşəbbüsü ilə Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə bağlı hazırlanmış xüsusi vidoeçarx Yaponiya saytlarında yayımlanıb və sosial şəbəkələrdə paylaşılıb.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən AYDM-nin sədri Xəlil Kələntər bildirib ki, mərkəzin təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxın əsas məqsədi ölkəmizin iki il əvvəl qazandığı böyük qələbə barədə yapon ictimaiyyətini məlumatlandırmaqdır. Mərkəzin sədri bu məqsədlə Yaponiyada geniş əhatə dairəsinə malik olan “Cross Border Club 3.0” yutub kanalında yayımlanan xüsusi verilişdə diaspor rəhbərliyinin çıxış etdiyini də bildirib.
Qeyd edib ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının sədaları altında nümayiş etdirilən videoçarxda ilkin olaraq Dövlət Bayrağımızın fonunda “Zəfər günün mübarək, Azərbaycan!” sözləri ana dilimizlə yanaşı, yapon və ingilis dillərində də əksini tapıb. Sonrakı kadrlarda lalələrlə bəzənmiş Cıdır düzü, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyi, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi dağıntılar, bizim bu torpaqlarda uzun müddət yaşdığımızı təsdiq edən Qobustan qayalarındakı rəsmlər, Şuşa qalasının qapıları qarşısında şahə qalxan Qarabağ atı üzərindəki milli geyimli igid və Şəhidlər Xiyabanında ucaldılmış abidənin önündə Azərbaycan bayrağını dalğalandıran qazi yer alıb.
“Biz bununla yapon ictimaiyyətinə Qarabağın qədim Azərbaycan torpağı olduğunu, ermənilərin işğal etdiyi ərazilərə yalnız dağıntı və səfalət gətirdiyini, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işlərini çatdırmağa çalışmışıq”, – deyə mərkəzin sədri bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts