Tokio, 5 fevral, /AJMEDIA/
Fevralın 5-də Yaponiyanın Sapporo şəhərində ənənəvi olaraq hər il təşkil edilən “Yuki Matsuri” – Qar fiqurları festivalı başlayıb.
AJMEDIA xəbər verir ki, artıq iki ildir koronavirus pandemiyası ilə əlaqədar həmin festival onlayn formatda təşkil edilib.
Fevralın 12-dək davam edəcək tədbir ərəfəsində festival keçirilən ərazidə cəmi bir heykəl – tanınmış müğənni Miku Hatsunenin 3 metr hündürlüyündə buz heykəli quraşdırılıb. Festival çərçivəsində rəsmi saytda heykəlin tam yaranması prosesi öz əksini tapıb.
Saytda, həmçinin qış mənzərələrinə həsr olunan müsabiqə, həvəskar heykəltaraşların düzəltdiyi buz fiqurların müsabiqələri və digər tədbirlər planlaşdırılıb. Bundan əlavə, tədbirlərdən biri festivalın tarixinə həsr ediləcək. Onu evdə VR texnologiyalar vasitəsilə virtual məkanda izləmək mümkün olacaq.
Xatırladaq ki, ötən ilin noyabrında təşkilatçılar 2020-ci ilin fevralında festivalın adi qaydada keçiriləcəyini elan ediblər. Bu çərçivədə Sapporonun mərkəzində bir neçə iri və orta səviyyəli qar heykəllərinin quraşdırılması, xizəksürmə və digər əyləncə yerlərinin açılması nəzərdə tutulurdu. Lakin koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bu ideyadan imtina edilib.