Tokio, 03 iyul, /AJMEDIA/
Yaponiyanın cənub-qərbində yerləşən bir qrup adada iyunun 21-dən bəri 800-dən çox zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bəzi yeraltı təkanların maqnitudası təqribən 5 bala çatıb və hakimiyyət orqanları yeni zəlzələlərin baş verəcəyi barədə xəbərdarlıq ediblər.
Bu, iyunun 21-dən etibarən Kodakarajima adası ətrafında seysmik aktivliyin artdığı Kaqoşima prefekturasındakı Tokara adalar silsiləsidir. Kodakarajima və arxipelaqdakı digər adaların daxil olduğu Toşima şəhərində yeraltı təkanlar hələ də hiss olunur.
Kaqoşima Regional Meteoroloji Rəsədxanası 5 bal maqnitudalı daha bir zəlzələ ehtimalını nəzərə alaraq əhalini güclü təkanlara qarşı diqqətli olmağa çağırıb. Səlahiyyətlilər tərəfindən hələlik bölgədə hər hansı dağıntı və tələfat barədə məlumat verilməyib. Yaponiya dünyanın seysmik cəhətdən ən aktiv zonalarından biri olan “Atəş halqası” adlanan ərazidə yerləşir və nisbətən daha tez-tez zəlzələlərə məruz qalır. Bu səbəbdən ölkədəki infrastruktur güclü yeraltı təkanlara tab gətirmək üçün xüsusi hazırlanıb.