Tokio, 8 fevral, /AJMEDIA/
Yaponiyanın “Tokyo Electric Power Co.” şirkəti (TEPCO) qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının (AES) birinci reaktorunun daxilində araşdırmalara başlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə fevralın 8-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, ilkin olaraq həmin araşdırmanın yanvarın 12-də başlanması nəzərdə tutulsa da, bu, texniki səbəblərə görə təxirə salınıb. Araşdırma zamanı məsafədən idarə edilən və su buraxmayan robotdan istifadə ediləcəyi qeyd edilir. TEPCO-nun əməkdaşları bu robot vasitəsilə reaktorun daxilinin fotolarını çəkəcək, həmçinin reaktorun dibində olan ərimiş nüvə yanacağını tədqiq edəcəklər.
Xatırladaq ki, “Fukusima-1” AES-də qəza 2011-ci ilin martında baş verən güclü zəlzələdən sonra yaranan sunaminin enerji təchizatı və soyutma sistemini sıradan çıxarması nəticəsində baş verib. AES-in üç enerji blokunda əriyən nüvə yaranacağı qoruyucu qatı tam yandırıb. Baş verən hidrogen partlayışı dördüncü enerji blokunu sıradan çıxarıb. Havaya atılan böyük miqdarda radioaktiv maddə stansiyanın ətrafındakı rayonlara böyük ziyan vurub.
Yaponiya hökuməti 2050-ci ilədək “Fukusima-1” AES-in tam sökülməsini başa çatdırmağı planlaşdırır.