Tokio, 24 fevral, /AJMEDIA/
Müasir dövrümüzdə bütövlükdə elm və onun əsas komponentləri iqtisadi, sosial, siyasi və digər “elmdənkənar” amillərin artan və çoxistiqamətli təsirini yaşayır.
AZƏRTAC-ın xüsusi müxbiri bu şəraitdə Azərbaycan elminin yeni çağırışlara müasir formada cavab verə bilməsi və beynəlxlaq səviyyəyə çıxa bilməsi üçün inkişaf etmiş ölkələrin, xüsusən də Yaponiyanın təcrübəsini araşdıraraq oxucularımıza təqdim edir. Məqalənin hazırlanmasında hazırda Yaponiyada çalışan fizika üzrə fəlsəfə doktoru, professor Xəlil Kələntərə və tarix üzrə fəlsəfə doktoru, professor Akira Matsunaqaya xüsusi minnətdarlığımızı bildiririk.
Təbii ki, dünya ölkələrinin, xüsusən qərb ölkələrinin elmi tədqiqtaların təşkili təcrübəsi keçmiş Sovet İttifaqının və digər sosialist ölkələrinin təcrübəsindən fərqlənir. Xüsusən yeni şəraitdə elmin özünü inkişaf etdirmək üçün ehtiyatlar yaratması, elmi transformasiyaların istiqamətləri və elmi tədqiqatların maliyyə mənbələrinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan rəhbərliyi müstəqilliyin bərpasından, xüsusən ümumilli lider heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə elmin inkişafına xüsusi diqqətlə yanaşıb. Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biri kimi daim diqqət mərkəzində olub. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib.
Elmin inkişafına dövlət səviyyəsində qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi nailiyyətlərin səviyyəsindən və qazanılan uğurların tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır.
Prezident İlham Əliyev 2011-ci il aprelin 26-da AMEA-nın illik ümumi yığıncağında iştirak edən vurğulayıb ki, müasir dövlətin qurulması, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir. Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılması vacib şərtdir.
Dövlətimizin başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalayıb, dövlət proqramları təsdiq edib. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2009-cu il 22 may tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Milli Strategiya Azərbaycanın elmi-texniki potensialının, innovasiya siyasətinin, kadr hazırlığının imkanlarına əsaslanır, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının, həm də ayrı-ayrı istiqamətlər üzrə dövlət siyasətinə cavabdeh olan rəsmi strukturların qarşısına təxirəsalınmaz tələblər qoyur.
Bu aspektlər Azərbaycan Milli Elmlər Akademiyasında islahatların davam etdirildiyi yeni şəraitdə elmi dairələrdə və idarəetmə strukturlarında geniş müzakirələrə səbəb ola bilər və ölkəmiz üçün son dərəcə aktualdır. Elm haqqında Qanun qəbulu, Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun yaradılması ölkəmizdə elmin maliyyələşdirilməsi mexanizmlərinin nisbi əhəmiyyətini əhəmiyyətli dərəcədə dəyişdirib və elmi tədqiqatlar sahəsində dəyişikliklərin mümkün nəticələrinin başa düşülməsini tələb edir. Tədqiqat işlərinin təşkili və maliyyələşdirilməsi, elmi prioritetlərin müəyyən edilməsində dövlətin, elmi ictimaiyyətin və biznes strukturlarının maraq və vəzifələri balansının təmin edilməsi, elmi fəaliyyətin müxtəlif növlərinin dəstəklənməsi mexanizmlərinin şaxələndirilməsi məsələləri müzakirələrdə xüsusi yer tuta bilər.
Bu kontekstdə elmə dəstək verən xarici təcrübə xüsusi əhəmiyyət kəsb edir.
Elmə dəstəyin ənənələri və miqyası, müşayiət olunan qərar qəbuletmə mexanizmləri, layihə seçim prosedurları, məlumat toplama və emal texnologiyaları ölkədən ölkəyə dəyişir.
Dünya təcrübəsində elmi tədqiqatların dəstəklənməsinə iki yanaşma mövcuddur.
Birinci yanaşma elmi tədqiqatlara qrant dəstəyi sisteminə uyğundur. Alimlərdən ibarət yaradıcı qrup tərəfindən hazırlanan təşəbbüs layihəsi maliyyələşdirən təşkilat tərəfindən ekspert rəyi proseduru vasitəsilə qiymətləndirilir. Elmi layihəyə dəstək verildiyi halda müəlliflər komandası tədqiqatın nəticələrini elmi ictimaiyyətə təqdim etməyi öhdəsinə götürür.
İkinci yanaşma elmi tədqiqatlara ünvanlı dəstək sisteminə uyğundur. Bu zaman sifarişçi artıq elmi tədqiqatların məqsəd və vəzifələrini qoyur və icraçıların axtarışı həyata keçirilir. Layihənin icraçısı, bir qayda olaraq, konkret təşkilatdır. Müraciətlərin və alınan nəticələrin qiymətləndirilməsi isə müştəri tərəfindən həyata keçirilir.
Bu və ya digər yanaşmanın seçimi ölkənin texnoloji inkişaf mərhələsindən, siyasi rejimdən, universitet ənənələrindən, elmi ictimaiyyətin qərarların qəbul edilməsində rolundan asılı olaraq bir çox amillərlə müəyyən edilir.
Elə ölkələr var ki, məsələn, Almaniya, Danimarka, İsrail elmə dövlət ayırmalarının böyük əksəriyyəti elmi qurumlara proqram-məqsədli dəstəyin payına düşür. ABŞ, Cənubi Koreya və Sinqapur kimi digər ölkələrdə dövlət xərclərinin əhəmiyyətli bir hissəsi tədqiqat qrant mexanizminə ayrılır.
Yaponiya mövcud yanaşmaların üstünlüklərini və çatışmazlıqlarını nəzərə alaraq, tədqiqat dəstəyinə üçüncü yanaşma təklif edən nümunəni təqdim edir.
Ona görə də Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin mahiyyətini elmi-texniki siyasətin milli xüsusiyyətləri və elmi tədqiqatları dəstəkləyən konkret qurumların fəaliyyəti kontekstində nəzərdən keçirmək lazımdır.
Elmin təşkili və maliyyələşdirilməsi Yaponiyada cəmiyyətin və dövlətin quruluş xüsusiyyətlərinə, insanların həyat tərzinə, təfəkkürün səviyyəsinə və inkişaf yollarının seçiminə görə digər ölkələrdən ciddi şəkildə fərqlənir. İkinci Dünya müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Yaponiya kifayət qədər az olan öz təbii sərvətlərinə arxalanaraq və xarici nailiyyətlərdən istifadə edərək sənayeləşmiş ölkələrə çatmağı qarşısına məqsəd qoymuşdu. 1950-80-ci illərdə Yaponiyanın sənaye və elmi-texniki strategiyası, əsasən xarici sənaye ölkələrinin məhsul və proseslərinin borc şəklində alınmasına və təkrar istehsalına yönəldildi. Bu zaman xarici patentlər və lisenziyalar geniş miqyasda alındı, yalnız surət çıxarmaq deyil, həm də digər insanların ixtiralarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi həyata keçirildi.
Bu dövrdə Yaponiya üçün daxili tədqiqat nəticələrinin həyata keçirilməsi üçün qapalı sistem xarakterik idi.
Texnologiyaların idxalının geniş yayılmış təcrübəsi intellektual fəaliyyətin nəticələrinin kapitallaşmasına töhfə verən korporativ əlaqələr yaratmağa imkan verdi. Bu təcrübə innovativ firmalarda yüksək peşəkar işçi qüvvəsi yaratdı. Eyni zamanda, başqalarının nəticələrini borc götürmək strategiyası Yaponiyanın öz elmi-texniki sahəsinin vəziyyətinə və inkişafına mənfi təsir göstərdi. Belə ki, elmi-pedaqoji kadrların yetərincə hazırlanmaması nəticəsindəı ali təhsil sistemində və sənaye sektorunun elmi təşkilatlarında aparılan fundamental tədqiqatlar kifayət qədər aşağı səviyyədə qaldı.
1980-ci illərin sonlarında ölkənin elmi-texniki inkişafı üçün yeni strategiyanın zəruriliyi meydana çıxdı. Heç bir yeni maliyyələşdirmə sxemləri işə salınmadan belə, elmə dövlət xərcləri durmadan artırıldı. 1990-cı illərin sonunda tədqiqat işlərinə sərf olunan ümumi xərclər inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricilərə çataraq ÜDM-nin 3 faizini təşkil edir. Bu yanaşma nəticəsində Yaponiya üçüncü minilliyin əvvəllərində dünya liderlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatının əsas sektorlarında innovativ məhsullara malikdir və yüksək texnologiyalı məhsulların ixracına görə ABŞ-dan sonra ikinci yerdədir. Hazırda Yaponiya müəssisələri elmi-texniki tərəqqinin bütün sahələri üzrə dünyada liderdir.
Yaponiyada 1996-cı ildə elmi tədqiqatları dəstəkləmək məqsədilə Elm və Texnologiya Şurası yaradılıb, onun adı 2001-ci ildə dəyişdirilərək Elm və Texnologiya Siyasəti Şurasına çevrilib. Bu quruma Baş nazirin başçılıq etdiyi Yaponiya hökuməti də daxildir. Ölkənin elmi ictimaiyyətinin və sənaye nümayəndələrinin təmsil olunduğu elmi təşkilatlar Şuranın tabeliyindədir. Hökumətdə yeni vəzifə – Elm və Texnologiya Siyasəti üzrə Dövlət Naziri vəzifəsi təsis edilib.
Yaponiya hökumətinin elm və texnologiya sahəsində əsas prioritetləri bunlardır: fundamental və axtarış xarakterli elmi tədqiqatlara dəstək; elmi tədqiqatlara maliyyə dəstəyinin müsabiqə əsasında genişləndirilməsi; ömür boyu məşğulluq sisteminin mərhələli şəkildə ləğvi; gənc alimlərin dəstəklənməsi üçün şərait yaradılması. Yaponiyanın tədqiqat və araşdırma prioritetlərinə iki qrup daxildir. Birinci qrupa: yeni materiallar haqqında elm; nanotexnologiya; həyat elmləri; informasiya texnologiyaları; telekommunikasiya texnologiyaları; ətraf mühitin mühafizəsi. İkinci qrup isə ölkənin həyati əhəmiyyətli sahələri daxildir: infrastrukturun inkişafı; energetika; kosmik məkanın və dünya okeanının öyrənilməsi; məhsulların emalı.
Elm və texnologiya sahəsində siyasətin həyata keçirilməsi üçün normativ-hüquqi bazanı təmin etmək məqəsədilə ölkədə xüsusi qanunlar hazırlanaraq qəbul edilib. Elm və texnikanın inkişafının beşillik planları, elmi-texniki proqramlar işlənib hazırlanıb. Yüksək elmi-texniki potensiala malik elmi şəhərlər formalaşdırılıb, məsələn, universitetləri, dövlət elmi mərkəzlərini, aparıcı sənaye müəssisələrinin laboratoriyalarını birləşdirən Tsukuba şəhəri salınıb.
Yaponiya elmi tədqiqat və kəşflərə ayrılan vəsaitə görə İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatına üzv və tərəfdaş ölkələr arasında yalnız ABŞ və Çindən sonra üçüncü yerdədir. 2018-cü ildə bu məqsədlər üçün 166,8 milyard ABŞ dolları xərclənib. Bu ölkənin elmi tədqiqatlara və kəşflərə ayırdığı vəsait ÜDM-in 3,59 faizini təkil edir. Həmin vəsait bu gün də ardıcıl şəkildə artmaqda davam edir.
Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsi iki mənbədən həyata keçirilir: dövlət büdcəsindən və əsasən ölkənin sənaye kompleksindən maliyyələşən özəl sektordan. Tədqiqat və innovasiyalar üçün milli xərclərin dörddə üçü özəl sektor tərəfindən, təxminən beşdə biri və ya altıda biri isə dövlət büdcəsindən ayrılır. Ümumilikdə qeyd edə bilərik ki, tədqiqatlara və innovasiyalara dövlət xərcləri özəl sektorun xərclərindən dörd dəfə azdır.
Elmi tədqiqatlar və innovasiyaları dəstəkləmək üçün dövlət büdcəsindən ayrılan vəsait Yaponiyanın çoxsaylı nazirlikləri və müəssisələri arasında bölünür.
AJMEDIA xəbər verir ki, büdcədən ayrılan həmin vəsait əsasən İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (Ministry of Economy, Trade and Industry), Təhsil, Elm, İdman və Texnologiyalar Nazirliyi (Ministry of Education, Culture, Sports, Science and Technology), Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi (Ministry of Agriculture, Forestry and Fisheries), Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi (Ministry of Health, Labour and Welfare) tərəfindən sərf olunur.
Büdcə vəsaiti hesabına elmi tədqiqatlara və innovasiyalara institusional dəstək isə dövlət elmi tədqiqat institutları və universitetlər tərəfindən göstərilir. Özəl sektorda da belə bir yanaşma hökm sürür. Bu aspektdən Yaponiyada elmi tədqiqatlara maliyyə dəstəyi sistemi digər inkişaf etmiş ölkələrin sistemindən kəskin fərqlənir.
Dövlət və özəl elmi təşkilatlarda fundamental və tətbiqi tədqiqatlara, təcrübi-konstruktor araşdırmalarına yardımlar fərqli xüsusiyyətlərə malikdir. Ali təhsil müəssisələrində fundamental tədqiqatlara vəsaitin 55 faizi, tətbiqi tədqiqatlara 36 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 9 faizi sərf edilir. Dövlət elm təşkilatlarında isə fundamental tədqiqatlara 23 faiz, tətbiqi tədqiqatlara 33 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 44 faiz vəsait yönəldilir. Özəl təşkilatlarda tam fərqli yanaşam müşahidə edilir: fundamental tədqiqatlara ayrılan vəsaitin 7 faizi, tətbiqi tədqiqatlara 19 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 74 faizi sərf olunur. Məsələnin maraqlı tərəfi ondadır ki, belə bir paylaşma artıq uzun illərdir ki, davam edir.
Yaponiyada tətbiqi tədqiqatlar aparıcı yer tutsa da son illər fundamental və tətbiqi sahələr üzrə tədqiqatlar arasında sərhəd, demək olar ki, aradan qalxıb. Bu özünü, xüsusən İnformasiya və kommunikasiya sistemləri, mikroelektronika, bio və nanotexnologilyalar kimi sahələrdə daha qabarıq göstərir. Bunun nəticəsidir ki, Yaponiyada özəl sənaye sahəsində elmi tədqiqat təşkilatlarının sayı 1976-ci ildəki 196-dan, 1996-cı ildə 487-dək artıb. Bununla yanaşı, son iyirmi ildə həmin təşkilatların sayı 425-ə enib.
Yaponiya hökuməti elmi tədqiqatla məşğul olan yeni nəslin say və keyfiyyət baxımından inkişafına xüsusi diqqətlə yanaşır. 1949-cu ildən başlayaraq yapon alimlər elm üzrə 24 Nobel mükafatına layiq görülüblər, onlardan 8-i bu mükafatı 2010-2016-cı illərdə alıb. Son 35 ildə müxtəlif təşkilatlarda elmi tədqiqat və innovasiyalarla məşğul olanların sayı təqribən iki dəfə artıb. Belə ki, onların sayı 1980-ci ildəki 64 mindən 2015-ci ildə 1 milyon 189 min nəfərə çatıb. Xüsusən tədqiqatçıların sayı isə 395 mindən 926 minədək artıb. Texniki və xidmət heyətinin sayının azaldılması nəticəsində elmi işçilərin sayı 61,3 faizdən 77,9 faizədək qalxıb. Sahibkarlar sektorunda isə tədqiqatçıların sayı 46,9 faizdən 59,3 faizədək artıb.
Dövlət sektorunda, əksinə, tədqiqatçıların sayı universitetlərdə 44,6 faizdən 33,2 faizədək, elmi təşkilatlarda 7,3 faizdən 6,2 faizədək azalıb.
Əhalinin sürətlə azalması problemini yaşayan Yaponiya işçi qüvvəsi bazarında spesifik çətinliklərə baxmayaraq, əcnəbi alimləri və yüksəkixtisaslı mütəxəssisləri ölkəyə dəvət etməyə başlayıb. Hazırda Yaponiyanın ölkəyə dəvət etdiyi yüksəkixtisaslı işçilərin sayı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında ən aşağı səviyyədədir.
Digər tərəfdən, Yaponiya korporasiyaları ABŞ-da və Avropa ölkələrində tədqiqat mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirirlər. Bu elmi-tədqiqat layihələrində yerli mütəxəssislər fəal iştirak edirlər. Həmin elmi tədqiqatların nəticələri bu korporasiyaların məhsulu hesab edilir.
Xarici universitetlərlə əməkdaşlıq çərçivəsində ayrılmış xüsusi vəsait hesabına tədqiqatların aparılması üçün yeni kafedralar yaradılır. Məsələn, ABŞ-ın Masaçusets Texnoloji Universitetində Yaponiyanın sifarişi ilə hər il 4 milyon dollar həcmində elmi tədqiqat işləri aparılır. Həmin universitetdə bu məqsədlə 12 kafedra fəaliyyət göstərir.
Buna baxmayaraq, Yaponiya qlobal elmi inteqrasiyada digər ölkələrə nisbətən geri qalır. Məsələn 2008-ci ildən sonra Yaponiyadakı əcnəbi şirkətlərin innovativ məhsulları cəmi 3 faiz təşkil edir ki, bu da ABŞ-da 12 faiz və Avropa İttifaqındakı 16 faizlik göstərici ilə müqayisədə çox aşağıdır. Yaponiya iqtisadiyyatın elmi-texniki sektorunda əcnəbi şirkətlərin sayına görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında sonuncu yeri tutur. Buna uyğun olaraq Yaponiyada elmi tədqiqatlar və innovasiyalara yönəldilən xarici investisiyalar da çox yüksək deyil.
Yaponiyada elmi tədqiqatlara və innovasiyalara dövlət büdcəsinin vəsaitini sərf edən əsas müəssisələr Təhsil, Mədəniyyət, İdman, Elm və Taxnologiyalar Nazirliyinin tabeliyində olan Yaponiya Elmin İnkişafı Cəmiyyəti (Japan Society for the Promotion of Science, JSPS) və Yaponiya Elm və Texnika Agentliyidir.
Qeyd etdiyimiz kimi, Yaponiyada elmi tədqiqatların əsas maliyyə mənbələrindən biri qrant layihələrinin dəstəklənməsidir.
Elmi tədqiqatların qrant əsasında maliyyələşməsini Yaponiya Elmin İnkişafı Cəmiyyəti (JSPS) həyata keçirir. Bu cəmiyyət 1932-ci ildə qeyri-kommersiya fondu kimi təsis edilib. 1967-ci ildə cəmiyyət Təhsil, Mədəniyyət, İdman, Elm Və Texnologiyalar Nazirliyinin nəzdində kvazi-hökumət statusu alıb və bu onun fəaliyyət dairəsini genişləndirməyə şərait yaradıb. 2003-cü ildə isə həmin cəmiyyət müstəqil administrativ müəssisə kimi yenidən qurulub.
JSPS-nin fəaliyyətinin əsas məqsədi elmin inkişafına dəstək verməkdir. Bu məqsədlə cəmiyyət riyaziyyat, fizika, kimya, biologiya, tibb, kənd təsərrüfatı, sosial və humanitar elmlər daxil olmaqla nəzəri və tətbiqi elmlər üzrə milli və beynəlxalq proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir.
JSPS tərəfindən dəstəklənən layihə və proqramlar rəngarəngliyi ilə ABŞ-ın Milli Elm Fondundan heç də geri qalmır. Cəmiyyətin əsas vəzifələrinə gənc alimlərin dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlığa yardım, elm cəmiyyəti ilə sənaye sahələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatlar və innovasiyalar barədə informasiyanın toplanması və yayılması kimi işlər daxildir.
Cəmiyyətin işinə JSPS-nin prezidentinin, iki icraçı direktorun və iki baş direktorun daxil olduğu Məsləhət Şurası rəhbərlik edir. Cəmiyyətin idarəetmə strukturuna beynəlxalq proqramlar departamenti, insan ehtiyatlarının inkişafı proqramı və administrasiya daxildir. Cəmiyyətin tərkibində Elmi Sistemlər üzrə Tədqiqat Mərkəzi, Qlobal Elmlər Üzrə İnformasiya Mərkəzi, həmçinin ABŞ-da (Vaşinqton və San-Fransiskoda), Almaniyada, Böyük Britaniyada, İsveçdə, Fransada, Tailandda, Çində, Misirdə və Keniyada yerləşən xarici bürolar daxildir.
JSPS-nin əsas maliyyə vəsaiti Yaponiya hökumətinin hər il ayırdığı subsidiyalar hesabına formalaşır. Cəmiyyətin illik büdcəsi təqribən 3 milyard ABŞ dolları təşkil edir. Bu vəsaitin əsas hissəsi (təqribən altıda beşi) elmi tədqiqatların dəstəklənməsinin müxtəlif istiqamətlərinə sərf olunur. Buraya Əcnəbi Tədqiqatçıların Dəstəklənməsi Fondu, Uzunmüddətli Qrant Dəstəyi Fondu, xüsusi proqramlar, Əcnəbi Gənc Tədqiqatçıların Dəstəklənməsi Fondu, elmi tədqiqatların dəstəklənməsi üçün qrantlar və JSPS üçün hökumət subsidiyaları daxildir.
JSPS fərdi və kollektiv tədqiqatlar üçün maliyyə yardımının aşağıdakı növlərini təklif edir:
1) Yeni başlayan tədqiqatlar üçün qrant. Bu layihənin icra müddəti 2 ildir və ona ildə 1,5 milyon yen vəsait ayrılır.
2) JSPS-nin üzvləri üçün qrantlar. Bu layihənin icra müddəti 3 ildir və ona da ildə 1,5 milyon yen ayrılır.
3) 39 yaşınadək olan gənc tədqiqatçılar üçün qrantlar. Bu layihənin icra müddəti 2-4 ildir və fərdi qrant məbləğinin həcmi ildə 5 milyon yen, tədqiqat qrantının məbləği isə hər bir layihə üçün 5 milyondan 30 milyon yenədək vəsait nəzərdə tutulur.
4) Perspektivli araşdırma tədqiqatları üçün ilkin mərhələ qrantı. Bu layihənin icra müddəti 1-3 ildir və ona ildə hər bir layihə üçün 5 milyon yen ayrılır.
5) Yaradıcı tədqiqatlar üçün qrant. Bu layihənin icra müddəti 3-5 ildir və ona ildə fərdi layihə üçün 5 milyon yen, tədqiqat layihəsi üçün 5 milyondan 20 milyon yenədək vəsait ayrılır.
6) Yaradıcı tədqiqatların kommersiya üçün faydalı olan növləri üzrə qrant. Bu layihənin icra müddəti 5 ildir və hər layihə üçün 50 milyondan 200 milyon yenədək vəsait ayrılır.
7) Qarşılıqlı və ya birgə tədqiqatlar üzrə yeni və ya mövcud sahələrin kommersiyalaşmasına kömək edən elmi tədqiqatlar və innovasiyalar üçün qrant. Bu layihələrin icra müddəti 5 ildir və hər bir layihə üçün 10 milyondan 300 milyon yenədək vəsait ayrılır.
8) Xüsusi stimullaşdırma ilə dünya miqyaslı tədqiqatlar üçün qrant. Bu layihələrin icra müddəti 3-5 il, ayrılan vəsait hər layihə üçün 500 milyon yen təşkil edir.
JSPS beynəlxalq elmi tədqiqatlar üçün qrant əsaslı beynəlxalq proqramlar da həyata keçirir. Buraya əcnəbi alimləri Yaponiyaya səfərləri, onlara elmi dərəcələrin verilməsi, beynəlxalq elmi layihələr və elmi konfransların təşkili, xarici ali təhsil və elmi müəssisələr ilə ikitərəfli əməkdaşlıq proqramları, tədqiqat mərkəzləri arasında əməkdaşlıq və digərləri daxildir. Həmin proqramlarda Yaponiya ilə diplomatik münasibətlərə malik olan bütün ölkələrin alimləri iştirak edə bilərlər.
JSPS-in alimlərin mobilliyini artırmaq məqsədilə fərdi tədqiqatçılar üçün qrantlarının verilməsi mexanizmlərinə nəzər salaq.
Yeni məzun olmuş xarici tədqiqatçılar üçün təqaüd proqramı gənc və istedadlı əcnəbi alimlərə Yaponiya universitetlərində və digər institutlarda aparıcı tədqiqat qrupları ilə birgə çalışmaq imkanı yaradır. Yaponiyaya məxsus tədqiqat təşkilatı vasitəsilə müraciət edən alim humanitar, sosial elmlər, təbiət elmləri, o cümlədən texniki və tibbi elmlərinin istənilən sahəsində tədqiqat apara bilər. Xarici təşkilat vasitəsilə müraciət etdikdə isə, tədqiqatın həcmi bu təşkilatın xüsusiyyətləri ilə müəyyən edilir.
Həmin tədqiqatçılar üçün təcrübə müddəti 12 aydır. Bu zaman alimə və onun ailə üzvlərinə təyinat yerinə gəlmə və Yaponiya üzrə səyahət xərcləri, tibbi sığorta, aylıq ödənişlər, kirayə haqqı və ilkin xərclər ödənilir. Tədqiqat xərclərini ödəmək üçün qrant çərçivəsində qrant almaq da mümkündür. Qrant alanın yaş məhdudiyyəti yoxdur.
Qrant almaq üçün ərizə ilə müraciət edən şəxs qrantın başlanması zamanı elmlər namizədi elmi dərəcəsinə ekvivalent olan və stajın başlandığı maliyyə ilinin başlanmasına (1 aprel) ən azı beş il qalmış əldə edilmiş elmi dərəcəyə malik olmalıdır. Həmçinin həmin şəxs yapon alimi ilə birgə tədqiqat planlarını əvvəlcədən razılaşdırmalıdır. Qrant müraciətləri yerli alim tərəfindən hazırlanır və onun tərəfindən JSPS-ə təqdim edilir.
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin tabeliyində olan universitetlərin, tədqiqat institutlarının və elmi-tədqiqat korporasiyalarının yapon alimlərinin bu qrantı almaq hüququ var. Digər təşkilatlar yalnız JSPS ilə razılaşdıqdan sonra belə müraciət göndərə bilər.
Yaponiyada uzunmüddətli tədqiqat təqaüdü proqramı bu ölkənin universitetlərində və elmi tədqiqat təşkilatlarında yapon alimləri ilə birgə araşdırmalar aparmaq üçün xarici alimlərin səfərlərinin təşkilini nəzərdə tutur. Professorlar (dosentlər) və universitet müəllimləri bu proqramda iştirak etmək hüququna malikdirlər. Təcrübə müddəti 6 aydan 10 aya qədərdir, lakin bu zaman qalma müddəti JSPS tərəfindən uzadıla bilər.
Qrant alan şəxsə tədqiqat xərcləri, təyinat yerinə gediş-gəliş, aylıq ödənişlər, yaşayış və tibbi sığorta xərcləri ödənilir.
Yaponiya qısamüddətli tədqiqat təqaüdü proqramı tanınmış alimlərin müzakirələrə, seminarlara, mühazirə kurslarına və digər tədbirlərə qatılması üçün səfərlərini təşkil edir. Proqramda iştirak etmək hüququ yüksək ixtisaslı alimlər, universitet professorları və müəllimləri və əhəmiyyətli peşə təcrübəsi olan digər şəxslərə verilir. Təcrübə müddəti 14 gündən 60 günə qədərdir. Qrant alan şəxsə təyinat yerinə getmək və ölkədaxili səyahət, gündəlik müavinət və tibbi sığorta xərcləri ödənilir.
Elmi tədqiqatların qrant şəklində maliyyələşdirilməsi təşəbbüs layihəsinin elan edilən və gözlənilən nəticələrindən asılıdır.
Təşəbbüs layihəsinin nəticəsində meydana gələn yeni biliklər özünü məqalə şəklində göstərir.
AJMEDIA xəbər veri ki, elmi tədqiqatın dəstəklənməsinin qrant formasının əsas elementi kimi “həmkarların rəyi” (peer review) götürülür. JSPS tərəfindən təşkil edilən bu prosedurun əvvəlində bəyan edilən nəticələr, sonunda isə əldə edilən nəticələr yoxlanılır. Tədqiqatların nəticələri dərc olunmaq üçün elmi jurnala göndərilməzdən əvvəl bir daha resenziya yoxlamasından keçir.
Tədqiqatların nəticələri dərc olunduqdan sonra, sonda əlaqədar elm sahəsi üzrə ictimaiyyətin ciddi diqqətinin obyektinə çevrilir.
Belə təkrar resenziyalaşdırma elmi tədqiatların yükəsk keyfiyətinə şərait yaradır.
Buna baxmayaraq, JSPA-nın təcrübəsində qrantların bu formasının bəzi hallarda səmərələi olmaması da qeydə alınır.
“Pioner” elmi vəzifələrə gəldikdə, “həmkarların rəyi” proseduru üçün mütəxəssislər seçmək heç də həmişə mümkün olmur. Subsidiyaların bir çox təşəbbüskar layihələr arasında bölünməsi, Yaponiyanın elm və texnologiya kompleksinin strateji inkişafı üçün böyük əhəmiyyət kəsb edən daha iri və qabaqcıl tədqiqatların kifayət qədər maliyyələşdirilməməsinə səbəb olur. Məhz buna görə də JSPS strateji əhəmiyyətə malik ən müasir elmi-tədqiqat işlərinin dəstəklənməsi üçün qrantların ayrılmasını 2014-cü ildən etibarən dayandırıb.
Bəs Yaponiyada elmi tədqiqatlar üçün proqram-məqsədli dəstək necə göstərilir? Bu sualı cavablandırmaq üçün aşağıdakıları qeyd etmək olar.
Elmi tədqiqatın proqram-məqsədli əsasda maliyyələşdirilməsi 2003-cü ildə müstəqil qurum kimi yaradılan Yaponiya Elm və Texnologiya Agentliyi (Japan Science and Technology Agency, JAST) tərəfindən aparılır. Həmin agentlik 1996-cı ildə əvvəllər növcud olmuş Yaponiya Elmi Tədqiqatların İnkişafı Korporasiyası və Yaponiya Elm və Texnologiya İnformasiya Mərkəzinin birləşdirilməsindən yaranmış Yaponiya Elm və Texnologiya Korporasiyası əsasında formalaşıb.
Yaponiya Elm və Texnologiya İnformasiya Mərkəzi 1957-ci ildə ölkə ictimaiyyətini elm və texnologiyaya dair milli və beynəlxalq məlumatlarla təmin edən əsas qurumu kimi yaradılmışdı.
Yaponiya Elmi Tədqiqatların İnkişafı Korporasiyası isə ölkənin xarici texnologiyadan asılılığını azaltmaq, Yaponiya universitetlərində və elmi-tədqiqat institutlarında aparılan ciddi tədqiqatları seçmək və dəstəkləmək, elmi nəticələrin özəl sektorda sürətlə istifadəsini təmin etmək məqsədilə 1961-ci ildə yaradılmışdı.
Yaponiya Elm və Texnologiya Agentliyinin (JAST) məqsədi elmi və texnologiyanı təbliğ etmək, Yaponiyanın elmi və texnoloji problemlərinin daha yaxşı başa düşülməsinə şərait yaratmaq, milli rifaha və inkişafa dəstək verməkdir. Bunun üçün agentlik: innovasiyaların yaradılması üzrə tədqiqat strategiyasını hazırlayır; fundamental tədqiqatların strateji proqramlarını, tədqiqat proqramlarını, texnologiya transfer proqramlarını, beynəlxalq əməkdaşlıq proqramlarını həyata keçirməklə innovasiyaların təşviqinə töhfə verir; elmi-texniki məlumatların yayılmasını, təbiət elmləri sahəsində təhsilin təşviqini, elmi kommunikasiyaların təşviqini əhatə edən innovasiyaların yaradılması infrastrukturunu formalaşdırır.
JAST-nin büdcəsi 2004-cü ildəki 109,4 milyard yendən 2014-cü ildə 135,6 milyard yenə yüksəlib. Eyni zamanda, hökumət subsidiyalarının da məbləği 100,9 milyard yen təşkil edib.
Fundamental tədqiqatların strateji proqramları Yaponiyanın qarşısında duran mühüm problemlərin həlli yollarının tapılmasına kömək edir. Bu sıraya ətraf mühit və təbiət, həyat, nanotexnologiyalar və materiallar, informasiya və kommunikasiya texnologiyaları, cəmiyyət və sosial infrastruktur daxildir. Həmin proqramlar ölkənin strateji məqsədlərinə nail olunmasını təmin edə bilən, iqtisadiyyatı və cəmiyyəti dəyişə bilən yeni elmi biliklərə əsaslanan inqilabi texnoloji zəmin yaratmağa yönəlib. Bu layihələrin icra müddəti 5 ildir. Onlara ayrılan maliyyə dəstəyinin orta məbləği isə 1,2 milyard yen təşkil eidr.
Bu sırada aşağıdakı əsas strateji proqramları qeyd etmək olar:
1) Beynəlxalq Kooperativ Tədqiqatların Strateji Proqramı (Strategic International Research Cooperative Program, SICP) elm və texnologiya sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlərə əsaslanır. Proqram i.tirakçı ölkələr tərəfindən dəstəklənən prioritet tədqiqat sahələri üzrə yapon alimlərinin birgə elmi layihələrini bərabər şəkildə maliyyələşdirir. Təcili birgə layihələrə, həmçinin Yaponiyada və xaricdə fəlakətlər və digər gözlənilməz hadisələrlə bağlı layihələrə dəstək verilir.
2) Beynəlxalq Elmi Əməkdaşlıq Üzrə Strateji Tədqiqat Proqramı (Strategic International Collaborative Research Program, SICORP) elm və texnologiya sahəsində əməkdaşlıq haqqında inkişaf etmiş ölkələr və regionlarla hökumətlərarası sazişlərə əsaslanır. Proqram iştirakçı ölkələr üçün ümumi elmi problemlərin həllinə yönəlib və Yaponiyanın elmi və texnoloji imkanlarının genişləndirilməsinə töhfə verən elmi layihələri maliyyələşdirir.
3) Qabaqcıl Texnologiyalar Üçün Kəşfiyyat Tədqiqatları Proqramı (Exploratory Research for Advanced Technology, ERATO) 1981-ci ildən həyata keçirilir. Bu proqram hökumət tərəfindən müəyyən edilmiş əsas sahələrdə fundamental tədqiqatları dəstəkləyir. Burada sosial-iqtisadi ehtiyacları ödəmək üçün yeni texnologiyaların böyük potensial var. Proqram həm Yaponiya daxilində, həm də xaricdə yüksək səviyyədə tanınıb. Bu proqram vasitəsilə əldə edilən nəticələrin aşağıdakı nümunələrini qeyd etmək olar:
– qrip pandemiyasının yeni ştammının qarşısının alınması texnologiyaları;
– şəffaf materiallar vasitəsilə elektrik siqnalının ötürülməsi;
– maye silisiumla örtülmə prosesindən istifadə etməklə yüksək səmərəli Günəş batareyalarının yaradılması.
4) İlkin Elm və Texnologiyalar Üçün Prekursor Tədqiqat Proqramı (Precursory Research for Embryonic Science and Technology, PRESTO) 1991-ci ildən həyata keçirilir. Bu proqram strateji sahələrdə fyndamental tədqiqatlara yönəlib və yeni texnologiyalar yarada bilən innovasiyaların, yeni sənaye sahələrinin inkişafına, sosial və iqtisadi tərəqqiyə nail olunmasına yönəlib. Əldə edilən nəticələrin aşağıdakı nümunələrini qeyd etmək olar:
– xərçəng şişlərini aşkar etmək üçün yerli flüoresan nümunələri texnologiyası;
– silisium atomlarının ardıcıl vibrasiyasından istifadə edərək terahertz tezliyi dalğasının öyrənilməsi.
5) İnnovativ Tədqiqat və Araşdırmaların Strateji Təşviqi Proqramı (Strategic Promotion of Innovative Research and Development, SPIRD) 2001-ci ildən həyata keçirilir.
Bu proqram perspektivli tədqiqat və araşdırma nəticələrinə əsaslanan innovasiyalar yaratmaq üçün akademiklərin və biznes dairələrinin yaxınlaşmasını təşviq edir.
Yuxarıda sadalanan proqramlar üçün tədqiqatın məqsəd və vəzifələrinin layihə icraçıları tərəfindən müəyyən edilməməsi xarakterikdir. “Həmkarların rəyi” prosedurundan istifadə etməklə əldə edilən nəticələrin keyfiyyətinə açıq nəzarət yoxdur. Alınmış nəticələrin texniki tapşırıqda müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır. JAST proqramları çərçivəsində həyata keçirilən layihələrin fərqləndirici xüsusiyyəti elmi-tədqiqat və araşdırma kateqoriyasına aid olmayan, lakin qarşıya qoyulan məqsədlərə çatmaq üçün zəruri olan işlərin həyat keçirilməsidir. Alınan nəticələrin əsas istehlakçısı işin sifarişçisi – dövlətdir və sonradan həyata keçirilməsi üçün vacib olan məlumatlar bütün maraqlı tərəflər üçün mövcud deyil və ilk növbədə nəticələri qəbul edən icraçıların və JAST ekspertlərinin sərəncamındadır. Bu vəziyyət ölkə iqtisadiyyatının özəl sektor tərəfindən mənimsənilməməsi və kommersiya baxımından səmərəli nəticələrin sayının artırılması üçün ilkin şərtlər yaradır.
(ardı var)