Yaponiya və Cənubi Koreya liderləri qarşılıqlı münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər

Tokio, 12 mart , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreyanın yeni seçilən Prezidenti Yun Sok-yol iki ölkə arasında qarşılıqlı münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər.

AJMEDIA Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə razılaşma iki lider arasında baş tutan telefon danışığı zamanı əldə edilib.

Yaponiyanın Baş naziri F.Kişida Cənubi Koreya Prezidentini martın 9-da keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Bildirib ki, Yaponiya və Cənubi Koreya bir-biri üçün mühüm qonşu ölkələrdir. Qeyd edib ki, iki ölkə arasında sağlam münasibətlər beynəlxalq əməkdaşlığın və sülhün qorunması, həmçinin regionda və bütün dünyada təhlükəsizlik və inkişaf baxımından böyük əhəmiyyətə malikdir.

F.Kişida, eyni zamanda, Yaponiya, Cənubi Koreya və ABŞ əməkdaşlığının da mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Cənubi Koreyanın yeni Prezidenti öz növbəsində bildirib ki, o, iki qonşu ölkə arasında münasibətlərə mühüm əhəmiyyət verir və bu əlaqələrin inkişafı üçün birgə fəaliyyətə hazırdır.

Telefon danışığı zamanı iki ölkə liderinin Şimali Koreya məsələsinə toxunduğu da qeyd edilir. Bu ölkənin nüvə və raket proqramları, həmçinin oğurlanmış yaponlar məsələsi ilə bağlı fəaliyyətin əlaqələndirilməsi barədə razılıq əldə edildiyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts