Özünü həmişə bakılı kimi təqdim edən əfsanəvi kəşfiyyatçı- Rixard Zorge( V hissə)

Tokio, 10 may , /AJMEDIA/

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin son mənzili Tama şəhər qəbiristanlığındadır. Onun Caşiyama qəbiristanlığında dəfn edildiyi yer isə demək olar ki, hamı tərəfindən unudulmuşdu. Sevimli İ.Hanakonun apardığı axtarışlar yalnız edam edilməsindən beş il sonra nəticəsini verdi. Bundan tam 20 il sonra – 1964-cü ildə Tokio Olimpiya Oyunları ərəfəsində R.Zorgenin unudulmuş şərəfli adı bərpa edildi. Yaponiyanın Sovet İttifaqına hücum etməyəcəyi barədə məlumatla vətənini xilas etmiş əfsanəvi kəşfiyyatçı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Qeyd etdiyim kimi, qəhrəman kəşfiyyatçının adı ilə hələ orta məktəb illərində qarşılaşmışdım. Atam keçmiş zabit, birinci qrup Böyük Vətən müharibəsi əlili olaraq bizimlə müharibə xatirələrini böyük həvəslə bölüşərdi. Onun bu xatirələri arasında əfsanəvi kəşfiyyatçının adının xüsusi yeri vardı. Hər dəfə də deyirdi ki, Stalin ona qarşı çox böyük haqsızlıq etdi. Yaxşı ki, onun qəhrəmanlığı illər sonra olsa da, Sovet İttifaqının rəhbərliyi tərəfindən etiraf olundu, qəhrəman kəşfiyyatçı layiq olduğu fəxri adı aldı. Böyük mütaliə həvəskarı olduğuna görə, onun çoxsaylı kitabları arasında əfsanəvi kəşfiyyatçı haqqında sovet yazıçıları M.Kolesnikova və M.Kolesnikovun “Rixard Zorge” kitabı xüsusi yer tuturdu.
Qeyd etdiyim kimi, İ.Hanako qəhrəman kəşfiyyatçının qəbrini beş il davam edən uzun və üzücü axtarışlardan sonra aşkar edə bildi. Sevimli qəhrəmanının ölümü haqda xəbəri isə müharibə başa çatdıqdan sonra – 1945-ci ilin oktyabrında eşitmişdi. Həmin vaxt müharibədən əvvəl həbs edilən siyasi cinayətkarlar azadlığa buraxılmağa başladı və R.Zorgenin işi haqqında da qəzetlərdə məlumatlar verildi. Həmin məqalələrdə onun məzarının taleyi barədə məlumatlar olmadığına görə İ.Hanako onun vətəninə – Almaniyaya və ya Sovet İttifaqına verildiyini düşünürdü. Lakin üç il sonra o, təsadüfən kitab mağazasında R.Zorgenin işi ilə bağlı kitaba rast gəlir. Burada qəhrəman kəşfiyyatçının Caşiyama qəbiristanlığında dəfn edildiyi bildirilirdi. Təcili olaraq həmin yerə yollanan İ.Honaka buradakı dağıntılar ucbatından sevimlisinin qəbri barədə heç bir məlumat əldə edə bilmədi.
R.Zorgenin qəbrini tapmaq üçün o, dəfələrlə yerini Kosuqiyə dəyişmiş türməyə gedir. Lakin burada çalışanlar beynəlxalq vəziyyətin mürəkkəbliyini əsas gətirərək heç bir yardım edə bilməyəcəklərini söyləyirlər. Həmin vaxt işğal altında olan Yaponiyada sovet casusu barədə informasiya ABŞ hakimiyyət orqanlarını narahat edə bilərdi.
Yalnız 1949-cu ilin noyabrında İ.Hanakonun cəhdlərindən sonra qəbiristanlığın əməkdaşı ona yardım etmək qərarına gəlir. O, axtarışlardan bezməyən xanıma bildirir ki, bu yaxınlarda cəsədlərin yenidən basdırılması zamanı böyük bir cəsəd çıxıb və o, əcnəbiyə oxşayır. Əgər İ.Hanako istəsə həmin cəsədi götürə bilər. Bu, həqiqətən də gözlənilməz uğur idi.
“Zorge bir insan kimi” kitabında İ.Hanako yazır ki, əfsanəvi kəşfiyyatçını Birinci Dünya müharibəsi zamanı ayağından aldığı yara yerindən və edam edilərkən üzərində olan böyük eynəkdən tanıya bildi. Həmin kitabdan aldığı qonorarla isə evinin yaxınlığında yerləşən Tama qəbiristanlığında yer alan İ.Hanako bir il sonra – 1950-ci ilin noyabrında onu burada dəfn etdi.
1964-cü ilin sentyabrında – Tokio Olimpiya Oyunlarına bir ay qalmış bütün qəzetlərdə Moskvaya məxfi məlumatlar göndərmiş R.Zorgenin fəaliyyətinin yenidən qiymətləndirilməsinə yönələn məqalələr yer aldı. Əfsanəvi kəşfiyyatçının vətən qarşısında xidmətlərini qəbul etməyən İ.Stalin artıq vəfat etmişdi. Onun yerini tutan Baş katib Nikita Xruşşov isə hakimiyyətinin sonlarına doğru R.Zorgenin şərəfli adını bərpa etmək qərarına gəldi. Həmin vaxt gözlənilməz şöhrətdən çaşan İ.Hanakonun yanına Sovet İttifaqından jurnalistlər gəlməyə başladı. Olimpiya Oyunları üçün Tokioya gələn şərqi almaniyalı jurnalistlər də İ.Hanakodan R.Zorge haqqında danışmağı xahiş edirdilər.
1964-cü ilin noyabrında SSRİ Ali Soveti tərəfindən R.Zorgeyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bununla da əfsanəvi kəşfiyyatçının xidmətləri layiq olduğu qiyməti aldı.
Tama bələdiyyə qəbiristanlığı Yaponiyada ilk park tipli qəbiristanlıqdır və Fuçu ilə Koqaney şəhərləri arasında yerləşir. Çox böyük əraziyə malik olan qəbiristanlıq çox sakit ərazisi və yazda çiçəkləyən sakuraları ilə buraya gələnlərə böyük kədər hissi aşılayır. Qəbiristanlıqda belə sakit guşələrdən biri əcnəbilər üçün ayrılıb. Ölüm müxtəlif ölkələrdən gəlmiş və müxtəlif dinlərin davamçısı olan bu şəxsləri vahid məkanda birləşdirib. Çox maraqlı bir məqam isə ondan ibarətdir ki, Suqamo türməsində edam edilən R.Zorgenin və H.Ozakinin qəbirləri də bu qəbiristanlıqda, biri-birinin yaxınlığındadır. İ.Hakano sevimli qəhrəmanının cəsədini bu qəbiristanlıqda dəfn edərkən onu yaxın silahdaşının yanında basdırdığını heç təsəvvür belə edə bilməzdi. Bu gün bütün dünyada sülh uğrunda, insanlığın xilası naminə həyatlarından keçmiş bu iki qəhrəmanın qəbirləri həmin qəbiristanlıqda bir-birindən bir neçə dəqiqəlik məsafədə yerləşir.
Müharibədən sonra R.Zorgenin qrupunun fəaliyyətinə yanaşma öz fərqliliyi ilə diqqəti cəlb edir. Militarizmdən azad olan Yaponiyada xüsusən solçu qüvvələr və tələbələr R.Zorgeni sosialist vətəni uğrunda mübarizə aparmış qəhrəman kimi yüksək qiymətləndirməyə başladılar. Bu yanaşmanın əsasında H.Ozakinin “Məhəbbət – sönən ulduzdur” kitabı dayanırdı. Qəhrəman kəşfiyyatçıya yardım etmiş insanlar isə vətən xainindən müharibəyə can atan militaristlərə qarşı mübarizə aparmış vətənpərvərlərə və sülh uğrunda mübarizlərə çevrilməyə başladılar. Bununla da nifrət doğuran casus obrazı məhv edildi.
Lakin soyuq müharibənin başlaması ilə Yaponiyada R.Zorge barədə unutmağa başladılar. SSRİ-də R.Zorgenin fəaliyyətinə verilən yüksək qiymət Yaponiya üçün əhəmiyyətini itirməyə başladı. Zaman keçdikcə yetişən yeni nəsillər bu əfsanəvi kəşfiyyatçı haqqında artıq heç nə bilmirlər.
Buna baxmayaraq, hər il mayın 9-da – faşizm üzərində Qələbənin növbəti ildönümü günündə Rusiyanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə MDB ölkələrinin, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri əfsanəvi kəşfiyyatçının məzarını ziyarət edərək onun xatirəsinə ehtiramlarını bildiriblər.
İlk dəfə 2013-cü ildə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə birlikdə qatıldığım anım mərasimini çox yaxşı xatırlayıram. Həmin vaxt mən artıq Tama şəhərinin yaxınlığında yerləşən Kodairaya köçmüşdüm. Buna səbəb isə bir tərəfdən əvvəllər yaşadığım Minato rayonundakı evlərin və ərzaq məhsullarının çox baha olması, digər tərəfdən isə yeni şəhərdə köçdüyüm binada Azərbaycandan və digər MDB ölkələrindən Yaponiyaya təhsil üçün gələn tələbələrin yaşaması idi.
Rusiya səfirliyinin birinci katibi, mətbuatla işə məsul olan Tatyana Qoroxova məni həmin tədbirə dəvət edəndə çox sevindim. Bununla həm əfsanəvi kəşfiyyatçının qəbrinin olduğu yeri ziyarət edəcək, həm MDB ölkələrindən olan səfirlərlə, həm də rusiyalı həmkarlarımla şəxsən görüşərək münasibət quracaqdım. Tama qəbiristanlığının mənim yaşadığım şəhərə çox yaxın olduğunu biləndə isə buna təəccüblənməyə bilmədim. Tale məni yenə özüm də bilmədən bu qəhrəman kəşfiyyatçının yaxınlığına yönəltmişdi. Çətinlik çəkmədən yaşadığım şəhərdən təqribən 20 dəqiqəlik məsafədə yerləşən Tama qəbiristanlığını və qəhrəman kəşfiyyatçının məzarını tapdım.
Qeyd etdiyim kimi, tədbirdə MDB ölkələrinin səfirləri, Rusiya səfirliyindəki hərbi attaşelər və Rusiyanın “Ria Novosti” agentliyinin Yaponiyadakı nümayəndələri iştirak edirdilər.
Mərasimə qatılan səfirlərə və KİV-lərin nümayəndələrinə minnətdarlığını bildirən həmin vaxt Rusiyanın Yaponiyadakı səfiri Yevgeni Afanasyev dedi ki, bu gün böyük gündür və biz ənənəvi olaraq buraya gələrək, faşizmlə mübarizədə əsl igidlik nümayiş etdirmiş Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin və onun qrupunun üzvlərinin xatirəsini ehtiramla anırıq. R.Zorge öz məlumatları ilə faşist Almaniyası üzərində Qələbənin təmin edilməsində böyük xidmətlər göstərib. Onun xatirəsi keçmiş SSRİ-ni və onun tərkibindəki respublikaları müdafiə etmiş, ümumi Qələbənin əldə edilməsində zəhməti olmuş bütün qəhrəmanlar kimi, bizim üçün əzizdir. Bu, hamımız üçün həm ümumi qələbə, həm də ümumi xatirədir.
Səfir xüsusi qeyd etdi ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin – Ramzayın böyük xidmətləri olub. Belə qəhrəmanların sayəsində əldə edilmiş böyük Qələbə bizi daha da yaxınlaşdırır, birləşdirir. Bu Qələbə həm də gələcək əməkdaşlığımızın əsasında dayanır. Qələbə bayramınız mübarək olsun.
Rusiya səfirliyinin hərbi attaşesi Aleksandr Zorin Rixard Zorgenin həyatı və qəhrəmanlığı haqqında məlumat verdi. Bildirdi ki, o, 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi-texnik Adolf Zorgenin ailəsində doğulub. Bir neçə ildən sonra valideynləri ilə Almaniyaya köçən R.Zorge 1924-cü ildə Sovet İttifaqına qayıdıb, 1929-cu ildə xüsusi orqanlar tərəfindən kəşfiyyat xidmətinə cəlb edilib. 1930-cu illərdə Yaponiyada işləyərkən həmin vaxt müttəfiq olan Almaniya və Yaponiyanın Sovet İttifaqına qarşı hərbi əməliyyatlara hazırlaşmaları və hətta bu hücumların konkret vaxtları haqqında məlumatları sovet rəhbərliyinə çatdırıb. 1941-ci ilin qışında Moskva ətrafında gərgin döyüşlər zamanı R.Zorge Yaponiyanın Sovet İttifaqına qarşı müharibəyə başlamayacağı barədə dəqiq məlumat verib. Məhz bu məlumat əsasında sovet rəhbərliyi Uzaq Şərqdə yerləşdirilmiş 22 diviziyanı Moskvanın müdafiəsinə cəlb edə bilib.
R.Zorge 1941-ci ilin oktyabrında Yaponiya polisi tərəfindən həbs edilib və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü çıxarılıb. R.Zorge 1944-cü il noyabrın 7-də edam edilib. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə 20 il sonra – 1964-cü il noyabrın 5-də verilib.
Rixard Zorgenin qəhrəmanlığı bu gün həm Azərbaycanda, həm Rusiyada, həm Yaponiyada, həm də faşizmə qarşı mübarizə aparmış digər ölkələrdə böyük ehtiramla anılır.
Əlavə məlumat olaraq bildirim ki, məşhur kəşfiyyatçının qəbrinin üzərindəki başdaşı qara mərmərdəndir. Onun üzərində rus dilində “Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge” sözləri yazılıb.
Onun altındakı daşın üzərində isə yapon dilində “Həyat yoldaşı İşii Hanako” sözləri qeyd edilib. Qəbirə baxarkən istər-istəməz əfsanəvi kəşfiyyatçının cəsədini təkbaşına böyük çətinliklər bahasına taparaq onu hörmətlə dəfn edən və bununla da xatirəsini gələcək nəsillərə ötürən bu nəcib yapon qadınının qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Bu yapon qadınının sədaqəti həqiqətən də ən böyük ehtirama layiqdir.
Məşhur qəhrəmanın qəbrinin hər iki tərəfində ağ mərmərdən iki daş lövhə yerləşdirilib. Onlardan birinin üstündə “Burada öz həyatlarını dünyada müharibə əleyhinə və sülhün bərqərar olması uğrunda mübarizədə qurban vermiş mərd qəhrəmanlar yatır” sözləri yazılıb. İkinci daşın üzərində isə “Zorge və onun silahdaşları” sözləri və 11 nəfərin adı yazılıb. Onlardan ikisi haqqında ölüm hökmü çıxarılıb, beşi həbsxanada, biri isə məhbəsdən çıxdıqdan iki gün sonra vəfat edib. Bu rəqəmlərə baxanda XX əsrin ən böyük kəşfiyyatçısının işinin nə qədər ağır olduğu və nə qədər qurban bahasına başa gəldiyi aydın görünür.
Yaponiyada işlədiyim dövrdə buraya gələn həmyerlilərimizdən bir neçəsinin böyük kəşfiyyatçı barəsində daha çox informasiya almaq və onun qəbrini ziyarət etmək barədə istəklərinin şahidi olmuşdum. Məhz onların göstərdiyi bu maraq qəhrəman həmyerlimizin Tokioda olduğu yerləri araşdırmağa və bu barədə məlumatları toplamağa məni həvəsləndirmişdi.
Düşünürəm ki, gələcəkdə Yaponiyaya yolu düşən həmvətənlərimiz əfsanəvi kəşfiyyatçının olduğu yerlərlə maraqlanmaq istəsələr, çətinlik çəkmədən bu məqalədə əksini tapmış məlumatlardan istifadə edərək həmin yerləri ziyarət edə biləcəklər.
Məşhur qəhrəmanın uyuduğu son mənzilə gəlincə isə qeyd etdiyim kimi, onun qəbrinin olduğu qəbiristanlıq Yaponiya dəmir yolunun (JR) Seybu Tamaqava xəttinin Tama stansiyasının yaxınlığında, 5 dəqiqəlik məsafədə yerləşir. Buraya, həmçinin JR-in Çuo xəttindəki Musaşi-Koqaney stansiyasından avtobusla da getmək mümkündür.
Bu qəbiristanlıqda çox məşhur şəxslər – şair xanım Yoşano Akiko və heykəltəraş Okamoto Taro da dəfn olunublar.
Qəbiristanlığın mərkəzindən keçən xiyabanın hər iki tərəfində sakura ağacları əkilib. Yazda sakuralar çiçəkləyəndə çoxsaylı həvəskarlar dəstə-dəstə buraya üz tuturlar. Əcnəbilər üçün ayrılmış sahə həmin qəbiristanlığın əsas girişinin yaxınlığında yerləşir. Əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin və həyat yoldaşı İşii Hakanonun məzarları isə ümumi ərazidə – təxminən 15 dəqiqəlik məsafədədir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts