Yaponiya saytı Azərbaycanın müharibə vaxtı kamikaze dronlardan bacarıqla istifadəsi barədə məqalə yayıb

Tokio, 5 Oktyabr, /AJMEDIA/

Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini ötən ilin payızında azad edərkən kamikaze dronlardan bacarıqla istifadə etməsi barədə məqalə yayıb.

AJMEDIA xəbər verir ki, oktyabrın 5-də yaymlanan “Müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Türkmənistan Türkiyə pilotsuz uçan aparatlarını (PUA) nümayiş etdirir” başlıqlı məqalədə Azərbaycan hərbçilərinin bu dronları yüksək peşəkarlıqla istifadə etməsi nəticəsində qələbənin əldə olumasına göstərdiyi təsirdən bəhs olunur.

Müəllif, hərbi sahədə ekspert və tədqiqatçı Hitoşi Sato 2021-ci ilin sentyabrında Aşqabadda keçirilən hərbi paradda Türkiyənin “Baykal” şirkətinin “Bayraktar TB2” dronlarını nümayişi barədə ətraflı məlumat verir. Bildirir ki, Türkmənistan Azərbaycan-Ermənistan müharibəsində özünü yüksək səviyyədə nümayiş etdirən həmin dronları əldə etmək üçün 37 milyon dollar ödəyib.

Məqalədə, həmçinin NATO üzvü olan Polşa və Litvanın da Türkiyədən “Bayraktar TB2” dronlarını aldığı qeyd edilir. Bildirilir ki, Albaniya və Pakistan da bu PUA-lardan almaq niyyətlərini açıqlayıblar.

Türkiyənin malik olduğu yüksək texnologiyaları bütün dünyada yaydığını vurğulayan müəllif bu dronların Azərbaycan ilə yanaşı, Ukrayna və Qətər tərəfindən də sifariş edildiyini bildirir. Qeyd edir ki, ötən ilin payızında Azərbaycanın Ermənistan ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərinin azad olunması əməliyyatlarına başlanarkən, Türkiyə PUA-larından geniş istifadə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyü əldə etməsinə mühüm təsir göstərib.

Həmin PUA-ların, həmçinin “Kamikaze- dron”, “Kamikaze zərbəsi” və “Özünü öldürən dron” adlandırıldığını qeyd edən müəllif, bu silahın hədəfi seçməsi və özünüməhv yolu ilə bu hədəfi də məhv etməsi barədə ətraflı məlumat verir. Vurğulayır ki, güclü partlayış törətməyə qadir olan bu dronlar düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını yüksək dəqiqliklə məhv edir.

Məqalədə, eyni zamanda bu silahın kiçik və orta dövlətlər üçün faydalı olmasından, onların böyük və güclü qonşularından müdafiəsi üçün xüsusi əhəmiyyətindən də bəhs edilir. Vurğulanır ki, bu aparatlar kiçik ölkələrin imperiya xülyasına qapılan böyük dövlətlərin qarşısını almasında mühüm rol oynaya bilər.

Məqaləyə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Vətən müharibəsi vaxtı erməni hədəflərinin dronlar vasitəsilə yüksək dəqiqliklə məhv olunmasının əks etdirildiyi videolar da əlavə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts