Tokio, 3 Oktyabr, /AJMEDIA/
Oktyabrın 2-də Yaponiya prefekturalarının qubernatorları yeni mərkəzi hökuməti COVID-19-la əlaqədar fövqəladə vəziyyət aradan qaldırıldıqdan sonra növbəti yayılmanın qarşısını almaq üçün səhiyyə sistemini gücləndirməyə çağırıblar.
AJMEDIA Yaponiya KİV-inə istinadla xəbər verir ki, Yaponiya Qubernatorlarının Milli Assosiasiyası yeni hökumətə ünvanlanacaq təkliflərdə xəstəxanalardakı çarpayı yerlərinin, testlərin sayının artırılmasını və koronavirusdan müalicənin yaxşılaşdırılmasını xahiş edəcəklər.
Qubernatorlar həmin müraciəti oktyabrın 1-də ölkənin 19 prefekturasında fövqəladə vəziyyət rejiminin və 8 prefekturada gücləndirilmiş tədbirlərin aradan qaldırılması barədə qərarın qüvvəyə minməsindən sonra mərkəzi hökumətə göndərmək barədə razılaşıblar.
Bu, cari ilin aprelindən bəri COVID-19-a qarşı tədbirlərin yüngülləşdirilməsi barədə qəbul edilən ilk qərar olub. Həmin qərara əsasən kütləvi tədbirlərə tamaşaçıların buraxılması, restoranların iş vaxtının qısaldılması, burada spirtli içkilərin satışı ilə bağlı qadağalar mərhələlərlə aradan qaldırılacaq.
Bununla yanaşı, Yaponiya Səhiyyə Nazirliyi koronavirus pandemiyasının altıncı dalğasının yaxınlaşması ilə əlaqədar tədbirlər çərçivəsinin müəyyənləşdirlməsi barədə xəbərdarlıq yayıb.
Bunu nəzərə alan qubernatorlar mərkəzi hökumətdən yerli iqtisadiyyatı dəstəkləmək üçün maliyyə yardımı göstərilməsini də xahiş edirlər.
Oktyabrın 4-də parlamentin növbədənkənar sessiyasında Baş nazir vəzifəsinə təsdiq ediləcəyi gözlənilən F.Kişida isə öz növbəsində ilin sonunadək stimul paketini formalaşdırmaq üçün “onlarla trilyon yen” toplayacağını bildirib.