Yaponiya qəzeti Ermənistan və Azərbaycanı sülh fürsətini əldən verməməyə çağırıb

Tokio, 22 iyun , /AJMEDIA/

Yaponiyanın çox nüfuzlu “Asahi Shimbun” qəzeti Ermənistan və Azərbaycanı sülh müqaviləsinin imzalanması üçün yaranmış fürsəti əldən verməməyə çağırıb.
AJMEDİA portalı xəbər verir ki, bu barədə çağırış qəzetin iyunun 21-də dərc edilmiş sayındakı xüsusi məqalədə öz əksini tapıb. Yazıda 30 ildən çox müddətdə davam edən münaqişə barədə yapon oxuculara məlumat verilib. Qeyd edilib ki, keçmiş Sovet İttifaqının cənubunda yerləşən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddisası nəticəsində davam edən münaqişə regionda sabitliyin pozulmasına, minlərlə insan həlak olmasına səbəb olub. Lakin 2020-ci ilin payızında Azərbaycan bu əraziləri işğaldan azad etdikdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində böyük addımlar atılır. Xüsusən son vaxtlar iki ölkənin liderlərinin prinsipial razılaşmaya yaxınlaşdıqları barədə xəbərlər yayılıb. Qəzet vurğulayır ki, bu fürsəti qaçırmaq olmaz. Bunun üçün ətraf ölkələr və beynəlxalq ictimaiyyət qısamüddətli maraqlarla məşğul olmadan iki ölkə arasında dialoqa dəstək verməlidir.
Məqalədə münaqişənin tarixinə də toxunulub. Qeyd edilib ki, Azərbaycanın bir hissəsi olan, lakin ermənilərin sayca çoxluq təşkil etdiyi Dağlıq Qarabağda 1980-ci illərin sonlarından başlayan münaqişə hazırda öz həllini tapmağa çox yaxındır. Bildirilir ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu böyük üstünlük qazanaraq işğal edilmiş ərazisinin böyük hissəsini geri alıb. Hazırda Azərbaycan həmin ərazilərdə baş vermiş dağıntıları aradan qaldırmaq istiqamətində böyük layihələr həyata keçirir. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribatlar ciddi narahatlıq doğurmaqdadır. Avropa Analitik Mərkəzi bu il həmin münaqişəni Ukrayna müharibəsindən sonra dünyanın ən çox diqqət cəlb edən münaqişəsi adlandırıb.
Qəzet yazır ki, may ayında Ermənistanın baş naziri Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımasını elan etdikdən sonra sülh danışıqları intensivləşib. Hazırda Ermənistanın əsas müttəfiqi olan Rusiyanın Ukraynanın işğalı ilə məşğul olması və nüfuzunu xeyli itirməsi nəticəsində hər iki ölkə reallığı qəbul etmək məcburiyyətində qalıb. Azərbaycanın müttəfiqi olan Türkiyə ilə Ermənistan arasında da münasibətlər yaxşılaşaraq regional sabitlik üçün unikal imkan yaradıb.
Yazıda qeyd edilir ki, yaranmış imkana baxmayaraq, hələ də davam edən silahlı toqquşmalar narahatlıq doğurur. Sülh istiqamətində razılığa nail olunması üçün təxribatlardan çəkinmək, bir-birindən məsafəni saxlamaq, təsadüfi qarşıdurmalara yol verməmək lazımdır. Eyni zamanda, iki ölkənin hökumətləri və ziyalıları ictimai qarşıdurmanı səngitməyə çalışmalı, hər iki xalqa sülhün vacibliyinin əhəmiyyəti izah edilməlidir.
  Məqalədə münaqişənin səngiməsi üçün Avropa ölkələrinin, ABŞ-ın, Rusiyanın və eləcə də regional güclər olan Türkiyə və İranın bu istiqamətdə mümkün qədər əməkdaşlıq etməsinin və sülhə təkan verməsinin vacibliyi xüsusi vurğulanır. Qeyd edilir ki, sülh istiqamətində fəaliyyətin uğurlu olması, Rusiya ətrafındakı digər çoxsaylı münaqişələrin həlli üçün də nümunə rolunu oynaya bilər.
Qəzetdə həmçinin regionun Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat arteriyasına çevrilmək potensialına malik olduğuu və regional əməkdaşlıq irəliləyəcəyi təqdirdə bunun bütün tərəflər üçün faydalı olacağını da xüsusi qeyd edilir. Bildirlir ki, Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına, Ermənistan isə ABŞ və Avropanı əhatə edən immiqrasiya şəbəkəsinə malikdir.
Qeyd edilir ki, əgər bu üstünlüklərdən sinergik effektlə istifadə olunsa, bütün regionun inkişafına güclü təkan verə bilər. Yaponiya da bu dəstəkdə yaxından iştirak edə bilər.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts