Yaponiya portalı Azərbaycan Prezidentinin Laçın şəhərinə səfəri və oradakı çıxışı barədə məlumatlar yayıb

Tokio, 23 sentyabr , /AJMEDIA/

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinə səfəri və orada çıxışı barədə məlumatlar yayıb.
AJMEDIA xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını qaldırması və son hadisələrlə əlaqədar çıxışından əsas məqamlar yer alıb.
Yazılarda Azərbaycan Prezidentinin sözləri sitat gətirilərək bildirilib: “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb”.
Dövlətimizin başçısına istinadla qeyd edilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti həmin ərazilərdən çıxarmalı, Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Lakin ötən dövr ərzində bu addımların heç biri atılmayıb, əksinə, işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniləri və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti reallaşdırmağa çalışıblar.
Yazılarda Azərbaycan Prezidentinin Ordumuz tərəfindən Laçın şəhərinin qaytarılmasının tarixi hadisə adlandırıldığı xüsusi qeyd edilib. Bu şəhərin işğal altında olmuş digər yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qaldığını vurğulayan dövlətimizin başçısına istinadla bildirilib: “Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir”.
Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan xalqının bununla heç vaxt razılaşmadığını və torpaqlarımızı hər zaman istənilən yolla azad etməyə qadir olduğunu dediyi də əksini tapıb: “Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts