Tokio, 26 avqust , /AJMEDIA/
Yaponiya Milli Polis Agentliyi sabiq Baş nazir Şinzo Abenin qətlindən sonra yüksək səviyyəli şəxslərin mühafizəsinin köklü şəkildə dəyişdirilməsi barədə planlarını elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə agentliyin Ş.Abenin mühafizəsi ilə əlaqədar təhqiqatın nəticələrini dərc etdiyi hesabatında bildirilir. Xatırladaq ki, Ş.Abe iyulun 8-də Nara şəhərində küçədə seçicilər qarşısında çıxış edərkən öldürülüb.
Hesabatda qeyd edilir ki, son 30 ildə ilk dəfə VIP şəxslərin mühafizəsinin təşkilinə yenidən baxılması və bu işdə idarənin rolunun artırılması nəzərdə tutulub.
Sənəddə bildirilir ki, təhlükəsizliyin təşkilində yol verilən nöqsanlar və hadisə yerindəki əməkdaşlar arasında əlaqənin kifayət qədər olmaması ölümlə nəticələnən atəşin qarşısının alınmasına imkan verməyib. Qeyd edilir ki, ən böyük problem Ş.Abenin arxa tərəfdən mühafizəsinin təşkili zamanı yol verilən səhvlərdir və bu, qatilə sabiq Baş nazirə yaxınlaşmaq imkanı yaradıb.
Hadisə zamanı, Ş.Abenin çıxışı ərəfəsində əməkdaşların yerini dəyişərək diqqəti əsasən ön hissəyə yönəltməsi faciəyə yol açıb.
Hesabatda, həmçinin bildirilir ki, bu dəyişiklik barədə hadisə yerindəki əməkdaşlara məlumat verilməyib və Ş.Abeni arxa tərəfdən qorumaq üçün əlavə addım atılmayıb. Nara prefekturasının polisi tərəfindən tərtib edilən planda mümkün təhlükə, o cümlədən arxadan hücum ilə bağlı risk nəzərə alınmayıb.
Sənəddə xidmət üçün kifayət qədər əməkdaşın ayrılmadığı və əsas zabitin vəzifələrinin dəqiqləşdirilmədiyi də əksini tapıb. Bu barədə planın hazırlanması isə mərkəzi idarə tərəfindən həmişə olduğu kimi yerli polislərə həvalə olunub.
Bildirilir ki, bundan sonra mərkəzi idarə yerli polisə təhlükəsizlik tədbirləri üzrə planın tərtibi üçün xüsusi təlimat göndərəcək. Həmçinin yerli polisdən həmin planla əlaqədar mərkəzi idarəni məlumatlandırmaq tələb ediləcək.
Bununla yanaşı qeyd edilir ki, gələcək fəaliyyət zamanı vəziyyəti daha ətraflı qiymətləndirmək üçün dronlardan istifadə olunması, həmçinin yüksək vəzifəli şəxslərin mühafizəsi üçün güllə keçirməyən şüşələrdən istifadə də nəzərdə tutulur.
Əlavə olaraq bildirək ki, Ş.Abenin qətli Yaponiya Milli Polis Agentliyinin rəisi Nakamura İtarunun vəzifəsindən istefa verməsinə də səbəb olub.