Tokio, 7 fevral, /AJMEDIA/
Yaponiya hökuməti koronavirusun “omikron” ştamının sürətlə yayılması şəraitində “buster” dozanın gündəlik qəbulunu bir milyona çatdırmağa çalışır.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida fevralın 7-də parlamentdə çıxışı zamanı bəyan edib.
Xatırladaq ki, ötən həftə Yaponiyada ilk dəfə olaraq gündəlik yoluxma sayı 100 mini ötüb. Hökumət mənbələrinin yaydığı məlumata görə, 126 milyon əhaliyə malik olan Yaponiyada fevralın 4-dək əhalinin yalnız 4,8 faizi “buster” dozanı qəbul edib. Bu göstərici əhalinin 50 faizdən çoxunun təkrar dozanı qəbul etdiyi Böyük Britaniya, Fransa, və Almaniya kimi ölkələrlə müqayisədə çox aşağıdır.
Parlamentin komitə iclasında çıxış edən F.Kişida bildirib ki, hökumət təkrar dozanı qəbul etmək arzusunda olanların peyvəndi daha tez alması üçün qarşıya dəqiq vəzifələr qoyub. İclas ərəfəsində Baş nazir səhiyyə nazirinə və digər əlaqədar qurumlara bələdiyyələr tərəfindən həyata keçirilən təkrar dozanın qəbuluna hərtərəfli dəstək verməyi tapşırıb.
Fevralın 7-dən başlayaraq özünümüdafiə qüvvələri Osaka şəhərində də təkrar dozanın qəbul etmək istəyənlər üçün xüsusi mərkəz açıb. İlk belə mərkəz ötən həftə paytaxt Tokioda açılıb və nəticədə təkrar peyvəndin qəbulunun gündəlik sayı 2160 nəfər artıb. Fevralın 8-də bu rəqəmin 4080, fevralın 10-da isə 5040 nəfərə çatdırılacağı gözlənilir.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həm Tokioda, həm də Osakada həmin mərkəzlərdə peyvəndin qəbulu üçün yerlər artıq fevralın 13-dək dolub.