Yaponiya hökuməti sabiq Baş nazir Şinzo Abeni ölkənin ən yüksək mükafatına layiq görüb

Tokio, 11 iyul , /AJMEDIA/

İyulun 11-də Yaponiya hökuməti iyulun 8-də sui-qəsd nəticəsində həlak olan sabiq Baş nazir Şinzo Abeni ölkənin ən yüksək mükafatına – Payızgülü Ali Ordeninin Yaxalığına layiq görüb.
AJMEDIA xəbər verir ki, həmin gün axşam Tokionun Minato rayonunda yerləşən Cogogi buddist məbədində sabiq Baş nazir Şinzo Abe ilə vida mərasimi başlayıb. Yaponiyada “tsuya” adlanan vida mərasiminə Baş nazir Fumio Kişida, parlamentin deputatları, tanınmış siyasətçilər, sabiq Baş nazir Yoşihide Suqa və keçmiş müdafiə naziri Tomomi İnada da qatılıblar. Həmçinin vida mərasiminə sabiq Baş nazirin ən yaxın qohumları, dostları və tərəfdaşları dəvət ediliblər. Sabah həmin məbəddə keçiriləcək dəfn mərasimi ilə əlaqədar Yaponiyanın bütün nüfuzlu şəxsləri bura axışırlar. Başsağlığını Şinzo Abenin həyat yoldaşı Akie Abe qəbul edir.
Məbədin bütün girişləri polislə yanaşı, təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ciddi nəzarətə götürülüb.
Məbədin qapılarına müəyyən fasilələrlə içərisində xarici dövlətlərin səfirlərinin də olduğu avtomobillər yaxınlaşır. Qapının qarşısındakı yolun digər tərəfində çoxsaylı yerli və xarici jurnalistlər yerləşiblər.
Mərasimə həmin vaxt Tokioda səfərdə olan ABŞ-ın maliyyə naziri Canet Yellen də qatılıb.
Yaponiyanın İmperatoru Naruhito və İmperatriçə Masako İmperator iqamətgahının xüsusi nümayəndəsi ilə məbədə gül dəstələri göndəriblər.
Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir ki, Şinzo Abe müharibədən sonra qəbul edilən Konstitusiyaya müvafiq olaraq, sabiq Baş nazirlər Şiqeru Yoşida, Eysaku Sato və Yaşuhiro Nakasonedən sonra ölkənin ali mükafatına layiq görülən dördüncü Baş nazir olub.
Qeyd edək ki, Ş.Abenin dəfn mərasimi iyulun 12-də Cogogi məbədində keçiriləcək və ABŞ-ın sabiq Prezidenti Donald Tramp mərasimə qatılmağın mümkünlüyünü araşdırdığını bildirib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Baş nazir Fumio Kişidanın xahişi ilə Şinzo Abenin xatirəsinin anılması üçün hökumət başçısının Tokiodakı iqamətgahının qarşısındakı dövlət bayrağının endiriləcəyini bəyan edib.
Məlumat üçün qeyd edək ki, Cogogi məbədi Tokuqava qəbiləsinin ailə məbədi hesab edilir. Burada həmin qəbilədən olan altı şoqun dəfn olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts