Yaponiya COVID-19-a qarşı ikinci və üçüncü doza peyvənd arasındakı müddəti azalda bilər

Tokio, 2 Dekabr, /AJMEDIA/

Yaponiya hökuməti yeni “omikron” ştamının yayılması ilə əlaqədar COVID-19-a qarşı ikinci və üçüncü buster doza peyvənd arasındakı müddəti qısalda bilər.

AJMEDIA xəbər verir ki, bu barədə dekabrın 2-də Yaponiyanın Baş naziri Fumio Kişida jurnalistlərə məlumat verib.

“Üçüncü doza peyvənddən istifadəyə gəlincə, biz bu prosesin sürətləndirilməsi məsələsinə baxacağıq”, – deyə Baş nazir bildirib.

Yaponiya Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən, ikinci və üçüncü doza peyvəndin qəbulu arasındakı müddət səkkiz ay təşkil etməlidir. Lakin bəzi mütəxəssislər peyvəndin yeni ştamlara qarşı səmərəliliyinin 5-6 ay ərzində zəifləyəcəyini nəzərə alaraq, həmin müddəti azaltmağı təklif edirlər.

Qeyd edək ki, Yaponiyada peyvəndin buster dozası dekabrın 1-dən vurulmağa başlanıb. Gələn ilin yanvarında peyvəndin üçüncü komponenti ilə sayı 2 milyona çatan tibb işçilərinin tam peyvənd olunması nəzərdə tutulur. Bununla paralel yaşı 65-dən yuxarı olan əhaliyə də peyvəndin buster dozası vurulacaq.

Gələn ilin əvvəllərindən isə ölkənin bir çox regionlarında yaşı 65-dən aşağı olan sakinlərə peyvəndin vurulması planlaşdırılır.

Hazırda ölkədə “Pfizer və BioNTech” şirkətlərinin peyvəndi üçüncü doza üçün tətbiq edilir. ABŞ-ın “Moderna” və Britaniya-İsveçin birgə “AstraZeneca” şirkətlərinin peyvəndlərindən bu məqsədlə istifadəyə icazə verilməyib.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada peyvəndlərin qəbuluna cari ilin fevralında başlanıb. Bu günədək Yaponiya sakinlərinin 99,7 milyonunun və ya 78,8 faizinin peyvəndin tam dozalarını qəbul etdiyi bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts