Yaponiya avqustun 24-dən başlayaraq qəzalı vəziyyətdə olan “Fukuşima-1” AES-dəki suyu okeana buraxacaq

Tokio, 22 avqust , /AJMEDIA/

Yaponiyanın Baş naziri Fumio KiŞida bu gün bəyan edib ki, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, onun ölkəsi avqustun 24-dəN “Fukuşima-1” atom elektrik stansiyasından (AES) radiasiyadan təmizlənmiş suyu okeana boşaltmağa başlayacaq.
AJMEDIA xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi suyun boşaldılmasına dair ötən ay yekun icazə verərək, Yaponiyanın bu planının beynəlxalq standartlara uyğun olmasını bəyan etdikdən sonra bu qərar qəbul edilib.
Xatırladaq ki, “Fukuşima-1” AES-də “Advanced Liquid Processing System” adı ilə tanınan xüsusi sistemin köməyi ilə radiasiyadan təmizlənən 1,3 milyon tondan çox su saxlanılır. Həmin su kütləsi 2011-ci ilin martında baş verən güclü zəlzələdən sonra AES-dəki üç reaktorun əriyərək sıradan çıxması nəticəsində yaranıb.
“Fukuşima-1” AES-də qəzadan sonra Cənubi Koreya 2013-cü ildən bəri Fukuşima yaxınlığında yerləşən 8 yapon prefekturasından bütün növ dəniz məhsullarının idxalına qadağa qoyub.
Beynəlxalq Atom Enerjisi Agentliyinin Yaponiyanın suyun boşaldılması üzrə bu planının ətraf mühitə cüzi təsir edəcəyi barədə bəyanatına baxmayaraq, qonşu ölkələr, o cümlədən Cənubi Koreya və Çin bu suyun dəniz məhsullarını çirkləndirəcəyindən narahatdırlar. Yaponiyanın balıqçılıqla məşğul olan şirkətləri də suyun axıdılmasına qarşı çıxış edərək, Fukuşima və ona yaxın rayonlarda dəniz məhsullarının qiymətinin daha da aşağı düşə biləcəyindən ehtiyat edirlər.
Belə ki, bu ölkələr Beynəlxalq Atom Enerjisi Agentliyinin qənaətini şübhə altına alırlar. Çin bu yaxınlarda bəyan edib ki, təşkilatın qiymətləndirməsi “Fukuşima-1” AES-dəki radioaktiv su tullantısının “legitimliyinin sübutu deyil”.
Qeyd edək ki, 2011-ci ildə baş verən dağıdıcı zəlzələ və sunami “Fukuşima-1” AES-in elektrik təchizatı və soyutma sistemlərini zədələyib və bu da reaktorun aktiv zonasının həddindən artıq qızmasına, həmçinin stansiyanın daxilindəki suyun yüksək radioasiya ilə çirklənməsinə səbəb olub.
Həmin vaxtdan reaktorlara yanacaq qalığının soyudulması üçün su vurulur. Eyni zamanda, qrunt və yağış sularının sızması nəticəsində daha çox radioaktiv çirkab suları yaranırdı. Bu suları toplamaq üçün çənlərin kifayət etməməsi və ərazinin tutulması həmin suyun okeana axıdılması barədə qərarın qəbuluna səbəb olub.

“Tokyo Electric Power Company” (TEPCO) dövlət elektrik enerjisi şirkəti 1,32 milyon metrik ton çirkab suyunun (bu həcm 500-dən artıq olimpiya hovuzunu doldurmağa kifayət edir) saxlanması üçün 1000-dən artıq iri çənlər tikib.

Lakin boş sahələr sürətlə azalır. Şirkət təsdiq edir ki, çoxlu sayda çənlərin tikilməsi çıxış yolu deyil və ona stansiyanı istismardan təhlükəsiz çıxarmaq üçün yer boşaltmaq lazımdır. Bu prosesə obyektlərin dezaktivasiyası, konstruksiyaların sökülməsi və tam bağlanış daxildir.

Radioaktiv çirkab sularının tərkibində bəzi təhlükəli elementlər mövcuddur, lakin onların əksəriyyətini sudan kənarlaşdırmaq mümkündür. Şirkət bildirir ki, hazırkı problem hidrogenin izotopundadır, bu, radioaktiv tritium adlanır və onu aradan qaldırmaq mümkün deyil. Hazırda bundan ötrü əlçatan texnologiyalar yoxdur.

Lakin Yaponiya hökuməti və Beynəlxalq Atom Enerjisi Agentliyi çirklənmiş suyun çox durulaşdırılacağını və onilliklər ərzində aramla boşaldılacağını bəyan ediblər.

Bu isə o deməkdir ki, atılan tritiumun qatılığı digər ölkələrdə yol verilən miqdara bərabər və ya ondan aşağı, həmçinin beynəlxalq təhlükəsizlik və ətraf mühit normalarına müvafiq olacaq.

TEPCO, Yaponiya hökuməti və Beynəlxalq Atom Enerjisi Agentliyi, həmçinin təsdiq edirlər ki, tritiuma ətraf mühitdə təbii şəkildə yağış suyundan tutmuş dəniz suyu, kran suyunadək və hətta insan orqanizmində rast gəlinir. Buna görə də onun dənizə cüzi miqdarda tökülməsi təhlükəsiz olmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts