Yapon professor: Soçidə Ermənistan və Azərbaycan arasında məsələnin yalnız sülh yolu ilə həllinə dair razılaşmanı müsbət qiymətləndirirəm

Tokio, 4 noyabr , /AJMEDIA/

Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında məsələlərin yalnız sülh yolu ilə həlli barədə əldə edilən razılaşmanı müsbət qiymətləndirirəm.
AJMEDIA xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünün nəticələrini şərh edən Yaponiyanın Kaişi Universitetinin professoru, “ajmedia.jp” portalının baş redaktoru Akira Matsunaqa deyib. Professor vurğulayıb ki, danışıqlarda və qəbul edilmiş üçtərəfli Bəyanatda tərəflər arasında münaqişənin həllinin yalnız sülh yolu ilə həlli barədə razılaşmanın əldə edilməsi görüşün müsbət nəticəsi kimi yüksək qiymətləndirilməlidir.
Cari il sentyabrın ortalarında Ermənistan və Azərbaycan sərhədində baş verən qarşıdurmanın ağır nəticələrini, hər iki tərəfdən çoxlu sayda əsgərin həlak olmasını xatırladan A.Matsunaqa Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın bundan sonra münaqişənin həlli üçün güc tətbiq etməmək barədə qəbul etdiyi sənədi və tərəflər arasında gələcək sülh müqaviləsinin imzalanması üçün yaranan əlverişli imkanı xüsusi qeyd edib. Rusiya Prezidentinin “Bu çox məhsuldar görüş oldu və o, gələcək sülh sazişi üçün yaxşı atmosfer yaratdı”, – sözlərini sitat gətirib.
Bununla yanaşı, yapon professor bildirib ki, məhz Ermənistan tərəfinin hərəkətləri Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan tərəfinin bütün cəhdlərini heçə endirir. Ermənistandakı radikal millətçi qüvvələr sülhün əldə edilməsinə və qorunmasına qarşı çıxırlar.
A.Matsunaqa qeyd edib ki, Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla əlaqədar öz sülhməramlı qüvvələrini Qarbağdan çıxarması regionda silahlı münaqişənin yenidən qızışmasına şərait yarada bilər. Bunun qarşısını almaq üçün Türkiyə regionda baş verən proseslərdə daha fəal iştirak etməlidir. Həm Rusiya, həm də Türkiyə münaqişənin yenidən qızışmasının qarşısını almağa çalışmalıdırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts