Yapon professor: Prezident İlham Əliyev Azərbaycan xalqını vahid məqsəd uğrunda birləşdirən qüdrətli dövlət başçısıdır

AJMEDIA

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının vətənpərvərlik hissini yüksəldərək onu vahid məqsəd uğrunda birləşdirən böyük və qüdrətli dövlət başçısıdır.
Tokio, 24 Dekabr, /AJMEDIA/ xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə Tokionun Keyo Universitetinin siyasi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının professoru xanım Yoko Hirose deyib. Azərbaycan Prezidentini yubileyi münasibətilə təbrik edən yapon professor bildirib ki, o, məhz böyük zəhmət və yüksək bacarıq sayəsində işğal altında olan torpaqları azad etməyə nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü iqtisadiyyat, müasir tələblərə cavab verən ordu qurulub, yüksək beynəlxalq nüfuz əldə edilib.
Azərbaycana hər səfərində sürətli və müasir inkişafla qarşılaşdığını bildirən professor qeyd edib ki, bunun əsasında ölkənin malik olduğu təbii ehtiyatlardan bacarıqla istifadə nəticəsində əldə edilən mühüm iqtisadi inkişaf dayanır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu amildən faydalanaraq, modern texnologiyalara malik, Vətən müharibəsində bütün dünyanı heyran edən yüksək keyfiyyətli ordu quruculuğuna nail olub.
Azərbaycan Prezidenti ölkənin malik olduğu təbii ehtiyatları Avropa ölkələrinin enerji təminatına bacarıqla və ədalətlə yönəldərək, ölkənin mühüm beynəlxalq nüfuzunu təmin etdi. İlham Əliyevin hakimiyyətdə olduğu son 18 ildə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət, həm də onun etibarlı tərəfdaşa çevrilməsinə səbəb oldu. Məhz bu siyasət nəticəsində müharibə vaxtı Azərbaycanın ədalətli mövqeyi dünyanın əksər dövlətləri tərəfindən dəstəkləndi.
Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi roluna diqqət çəkən yapon alim böyük Zəfərin qazanılmasında məhz dövlət başçısının bütün dünya azərbaycanlılarında vətənpərvərlik hissini yüksəltməsini, onları vahid ideya ətrafında sıx yumruq kimi birləşdirməsini xüsusi qeyd edib.
Y.Hirose bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı KİV-nə verdiyi müsahibələr hadisələrin tarixi, gedişi və nəticələri barədə obyektiv məlumatların yayılmasına mühüm təsir göstərib.
Yapon professor, həmçinin bildirib ki, Vətən müharibəsində möhtəşəm Qələbə bütün dünyanın Azərbaycana və regiona marağını daha da artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Zəfər Azərbaycanın gələcək inkişafının daha uğurlu olacağına böyük inam yaradıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts