Tokio, 17 aprel , /AJMEDIA/
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda keçirilən tədbirin qonağı YAP Veteranlar Şurasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov olub.
AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vətənpərvərlik tərbiyəsinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva etdiyini deyib. Qeyd edilib ki, Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.
B.Nəbiyev bildirib ki, işğal altında olan torpaqlarımızı Azərbaycan Ordusunun qanı-canı bahasına geri qaytarması dövlət, millət kimi nəyə qadir olduğumuzu bu gün bir daha sübut edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərib. Ona görə də vətənpərvərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət və cəmiyyət üçün vacib məsələdir.
Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov söyləyib ki, Ulu Öndər və onun layiqli davamçısı Prezident İlham Əliyev gənclərin himayədarları kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüblər. U.Ələkbərov çıxışına davam edərək bildirib: “Ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca amili insan potensialının formalaşdırılması və səfərbər olunmasına elmi yanaşmadadır. Ölkədə tətbiq edilən komplimentar texnologiyalar müxtəlif yanaşmaları özündə ehtiva edir. Proqram və layihələrin gerçəkləşdirilməsində iştirak edən bütün milli və beynəlxalq tərəfdaşların maraqlarının nəzərə alınması komplimentarlıq prinsipləri əsasında inkişaf proseslərinin idarə edilməsinin önəmli elementlərindəndir. Bu yanaşma ölkənin xarici siyasətinin formalaşdırılması baxımından da vacibdir.
Qeyd etmək lazımdır ki, iqtisadi və sosial inkişafın innovativ idarə edilməsi texnologiyaları sisteminin bütün elementləri maliyyə və başqa maddi resursların, o cümlədən insan resurslarının istifadəsi səmərəliliyinin yüksəldilməsi nöqteyi-nəzərindən olduqca önəmlidir. Bu arada inkişaf proseslərinin planlaşdırılması, idarə olunması sahəsində bacarıq və biliklərin, insan potensialının formalaşdırılması, səfərbər edilməsi iqtisadi və sosial baxımdan yüksək nəticələrin qazanılmasında vacib amil kimi çıxış edir. Son 19 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məhz bütün bu amillər vətənimizin dayanıqlı inkişafına rəvac verməkdədir”.
Daha sonra Urxan Ələkbərov gənclərə bu istiqamətdə öz tövsiyələrini verib və onlara gələcək həyatda uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.