YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb

Tokio, 21 iyun , /AJMEDIA/

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatından AJMEDIA-ya bildiriblər ki, Qaçaq Nəbi küçəsi 8 ünvanı üzrə ərazi partiya təşkilatında keçirilən görüşdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan danışıb. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Sözlə əməl birliyi partiyanın nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi qeyd edilir. Partiyanın dünəninə, bugününə və gələcəyinə böyük inamla yanaşan Ulu Öndər Heydər Əliyevin bu çağırışı da daim vurğulanır ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın hər bir uğurunda YAP-ın öz payı, rolu vardır. Bu reallıq daim önə çəkilir ki, partiyanın ilk Proqramı tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına uyğun hədəfləri özündə əks etdirdi. Əsas hədəf “Yeni Azərbaycan uğrunda” oldu. 2020-ci ildə tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev partiyanın VII qurultayında müasir dövrün tələblərini özündə ehtiva edən yeni Proqramın işlənib hazırlanması tapşırığını verdi. 2021-ci ilin sonunda “Biz birlikdə güclüyük!” devizi əsasında təsdiqlənən yeni Proqramın uğurlu icrası istiqamətində mühüm addımlar atılır.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, tarixi Zəfərimizdən sonra həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Bu gün Azərbaycan möhtəşəm uğurları, Zəfərləri ilə dünyanın diqqətindədir. İnkişafın təkmil modelini nümayiş etdirən Azərbaycana hansı sahədən baxsaq davamlı uğurların şahidi olarıq.

Tədbirdə çıxış edən YAP ərazi partiya təşkilatının sədri Könül Məmmədli Azərbaycanın uğurlarından, YAP-ın xalqın partiyası kimi möhkəmlənən mövqeyindən bəhs edib.

Sonda partiya sıralarına yeni qəbul olunanlara YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

Yeni üzvlərdən Səlbinaz Vəliyeva çıxışında bu gün dünya miqyasında böyük nüfuza malik qüdrətli ölkənin vətəndaşı, YAP kimi partiyanın üzvü olmaqdan qürur duyduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts