YAP Mərkəzi Aparatında “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda konfrans keçirilib

Tokio, 9 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, fevralın 8-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda konfrans keçirilib.
YAP Mərkəzi Aparatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində ölkə ərazisində və respublikamızın hüdudlarından kənarda çoxsaylı tədbirlər keçiriləcəkdir. Tahir Budaqov vurğulayıb ki, Ulu Öndərin siyasi mirası olan, onun ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən və tarixi nailiyyətlər qazanaraq ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir: “Tədbirlər Planı çərçivəsində Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması, müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi və təbliği məqsədilə il ərzində müsabiqələrin, aksiyaların, görüşlərin, elmi-praktik konfransların və digər bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Xüsusi vurğulamaq istəyirəm ki, Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı “Heydər Əliyev İli” ilə əlaqədar keçiriləcək bütün tədbirlərimizdə istifadə etmək üçün deviz olaraq seçilmişdir. Çünki Heydər Əliyevin vaxtilə dahiyanə şəkildə ifadə etdiyi bu fikir müasir Azərbaycanın timsalında öz təsdiqini tapır. İstər SSRİ dönəmində, istərsə də müstəqilliyin bərpasından sonra Azərbaycanın inkişaf yoluna nəzər saldıqda görürük ki, ölkəmizin qurtuluşu və tərəqqisi bilavasitə Heydər Əliyevin adı və siyasəti ilə bağlıdır. Azərbaycanın bütün uğurlarında Ulu Öndərin imzası, irsi və ideyaları öz əksini tapmışdır. Heydər Əliyev məqsədyönlü və uzaqgörən siyasət həyata keçirməklə bütün sahələrdə parlaq nailiyyətlərin qazanılmasını təmin edərək yeni Azərbaycan reallığını və ölkəmizin parlaq gələcəyinin etibarlı bünövrəsini yaratmışdır”.
YAP Sədrinin müavini qeyd edib ki, bu gün Ümummilli Liderin şah əsəri və xalqımıza ən böyük mirası olan müasir müstəqil Azərbaycan onun əbədiyaşar ideyaları əsasında möhtəşəm nailiyyətlərə imza ataraq zirvələr fəth edir: “Bu reallıq Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin Heydər Əliyev irsi və ideyaları ilə bağlı olduğunu birmənalı şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”.
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda keçirilən bugünkü tədbirimiz də Ümummilli Liderin ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir. İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb. Onun xalqımızın zəngin ənənələrinə və dəyərlərinə, dövlətçilik maraqlarına uyğun və dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti də bu baxımdan xüsusi vurğulanmalıdır”, – deyən Tahir Budaqov vurğulayıb ki, gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır”,- deyən Heydər Əliyev hələ sovetlər birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması və bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olmuşdur.
Tahir Budaqov söyləyib ki, Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə də milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir: “Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının yer aldığı Azərbaycan Konstitusiyasında gender məsələləri də öz əksini tapmışdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox fərman və sərəncamlar birbaşa və dolayısıyla qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir. Bir sözlə, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış və beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin etmişdir”.
YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur: “Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir. Prezident İlham Əliyevin “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir” fikri isə onun modern və nümunəvi gender siyasətinin mahiyyətini əks etdirməklə yanaşı, Azərbaycan qadınlarına böyük inam və etimadının bariz ifadəsidir”.
Tahir Budaqovun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır: “Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar fəaliyyəti ilə milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynamışdır. Onun nümunəvi həyat və fəaliyyəti qadınlar üçün əsl örnək olmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyət həyatında rolunun artmasına stimul vermişdir. Adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın gördüyü işlər ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Ayrı-ayrı dövlətlərin rəsmiləri, nüfuzlu siyasətçilər, tanınmış ictimai xadimlər, alimlər Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli işlərini təqdir edirlər. Bu isə Birinci xanımın timsalında Azərbaycan qadınının beynəlxalq ictimai rəydə müsbət obrazının möhkəmlənməsini şərtləndirir”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi, ölkənin və Cənubi Qafqaz bölgəsinin ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının da fəaliyyət konsepsiyasında gender məsələləri önəmli yer tutur və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir: “Yeni Azərbaycan Partiyasının Proqramında gender bərabərliyinin təmin edilməsi və ailə institutunun inkişafının YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biri olduğu qeyd edilmişdir. Gender əsaslı zorakılıq hallarının qarşısının alınması, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin təkmilləşdirilməsi kimi məsələlər bu sahənin inkişafı ilə bağlı partiyanın hədəfləri kimi müəyyən olunmuşdur. Ümumiyyətlə, partiyamızın siyasi dinamizmini təmin edən amillərdən biri səmərəli gender siyasətinin həyata keçirilməsi, cəmiyyətin bütün təbəqələrindən olan sağlam düşüncəli və möhkəm əqidəli insanların, o cümlədən müxtəlif sahələrdə səmərəli fəaliyyətə malik qadınların seçiminin Yeni Azərbaycan Partiyası olmasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının qadın nümayəndələri cəmiyyət həyatının və dövlət idarəçiliyinin müxtəlif sahələrində, qanunverici və icra hakimiyyəti orqanlarında uğurla təmsil olunurlar”.
“Təqdirəlayiq haldır ki, ali dəyərlərin daşıyıcısı və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib olan Azərbaycan qadınları milli dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına, milli hədəflərin və strateji prioritetlərin reallaşdırılmasına mühüm töhfələr verirlər. Şübhə yoxdur ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan zərif cinsin nümayəndələri bundan sonra da öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Ulu Öndərin zəngin dövlətçilik irsi əsasında Zəfər yolunda əmin addımlarla irəliləyən müstəqil Azərbaycanın tərəqqisində vacib rol oynayacaq, onlara göstərilən inam və etimadı doğruldacaqlar” ,- deyə Tahir Budaqov qeyd edib.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev Azərbaycanda gender bərabərliyinin təmin olunması sahəsində milli qanunvericiliyin yaradıcısıdır” mövzusunda təqdimatla çıxış edib.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova “Azərbaycanda dövlət qadın siyasətinin əsasları” mövzusunda, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə “Azərbaycan qadınlarının irəli çəkilməsində Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Qadın hüquqlarının müdafiəsi dövlətin prioritet məsələsidir” mövzusunda, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan iqtisadiyyatında və sahibkarlığın inkişafında qadınlar” mövzusunda, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva “Gender bərabərliyi: gələcək hədəflər” mövzusunda çıxış ediblər.
Sonda xatirə fotosu çəkdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts