Yakub Aslan: Azərbaycan qaz tranzitini həyata keçirmək üçün infrastruktura malikdir

Tokio, 25 noyabr , /AJMEDIA/

Azərbaycan ilə Orta Asiya respublikaları arasındakı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması yalnız regionun deyil, Asiya və Avropa dövlətlərin də enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda birgə işlərin və reallaşması zəruri olan layihələrin həyata keçirilməsi istiqamətində aparılan müzakirələr olduqca faydalıdır.

Bunu Türkiyənin “Ulusal” kanalının siyasi şərhçisi Yakub Aslan AJMEDIA-ya açıqlamasında deyib. O bildirib ki, bu gün Azərbaycan Türkiyə vasitəsilə Avropaya neft və qaz ixrac edir. Hazırda Azərbaycan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Avropaya 22 milyard kubmetrdən çox qaz ixrac edir.

“2027-ci ildə Azərbaycan təbii qaz ixracının həcmini 30 milyarda çatdırmağı nəzərdə tutub. Bununla yanaşı, Azərbaycan qaz tranzitini də həyata keçirə bilər və bunun üçün müasir standartlara cavab verən infrastruktura malikdir. Mərkəzi Asiya ölkələri də enerji resurslarının ixracını şaxələndirmək və artırmaqda maraqlıdırlar. Hazırda təbii qazı Çinə ixrac edən Türkmənistan Avropa bazarlarına da çıxış əldə etməyə can atır”, – deyə Yakub Aslan qeyd edib.

Ekspert bildirib ki, Türkmənistan 7 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir və yalnız “Yaşlar” yatağının sübut olunan ehtiyatı 675 milyard kubmetrə bərabərdir. Hazırda Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,6-2 milyard kubmetr qaz ixrac edir. Transxəzər qaz kəməri hazır olduqdan sonra nəinki Türkmənistan, eləcə də Özbəkistan və Qazaxıstan hasil etdikləri təbii qazı Avropaya Azərbaycan üzərindən ixrac edəcəklər. Lakin məsələ yalnız təbii qazın ixracı ilə başa çatmır. “Yaşıl enerji” bu gün dünyada çox aktual xarakter daşıyır. Məlumdur ki, Mərkəzi Asiya respublikaları çox günəşli bir regionda yerləşirlər. Təkcə Özbəkistanda ildə 300 min MVt günəş enerjisi istehsal olunur. Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisinə olan tələbatının 25 faizini bərpa olunan mənbələrdən ödəmək məqsədilə 7 QVt günəş və 5 QVt külək enerjisi gücü inkişaf etdirməyi hədəfləyir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Özbəkistanın Nəvai vilayətinin Zərəfşan şəhərində 500 MVt gücündə külək elektrik stansiyası inşa edəcək. Bənzər layihələr Qazaxıstan, Qırğızıstan və digər Mərkəzi Asiya respublikalarında da həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, bu ölkələrin enerji ixracı potensialı gündən-günə artır. İxrac marşrutu isə Transxəzər dəhlizidir”.

Ekspert onu da qeyd edib ki, Azərbaycan Orta Asiya ilə Avropa arasında enerji tranziti ölkəsi olmaqla yalnız tranzit gəlirlər deyil, eyni zamanda, siyasi zəmanət də əldə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts