Tokio, 3 fevral , /AJMEDIA/
Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında analitik məqalə dərc olunub.
AJMEDIA xəbər verir ki, məqalədə Azərbaycanın bu seçkilərə “Qalib xalqın Müzəffər lideri” şüarı ilə getdiyi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, növbədənkənar prezident seçkiləri Azərbaycan Ordusunun 2020-ci ildə başlatdığı 44 günlük Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin və ərazi bütövlüyü tam təmin edildiyi şəraitdə baş tutacaq. “2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı bütün erməni separatçılarını təslim olmağa məcbur etdi və 30 illik işğaldan sonra Xankəndidə Azərbaycanın üçrəngli Bayrağı dalğalandı. Bununla da Cənubi Qafqaz regionunda yaranmış yeni siyasi reallıq daha da möhkəmləndi”, – deyə yazıda qeyd olunur.
Məqalədə diqqətə çatdırılır ki, müxalifəti təmsil edən namizədlər də daxil olmaqla, 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaq və müşahidəçilərin fikrincə, ölkənin hazırkı Prezidentinin qələbə qazanmaq şansı daha yüksəkdir. Çünki İlham Əliyev tarixə son iki yüz ildə Azərbaycan xalqına Zəfər qazandıran siyasi lider kimi düşüb. Məhz onun komandanlığı ilə ordu Ermənistan üzərində möhtəşəm Qələbə qazanıb.
Yazıda vurğulanır ki, növbədənkənar prezident seçkilərində qalib gələcək namizədin qarşıdakı dövrə Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da artırılmasına, xalqın milli birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə başlayacağı gözlənilir.
Məqalədə, həmçinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə, o cümlədən ərəb dövlətlərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə seçki məntəqələrinin yaradılması barədə məlumat verilir.