Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan diasporu tərəfindən Yaponiyada müxtəlif tədbirlər təşkil olunub

Tokio, 24 fevral, /AJMEDIA/

Yaponiyadakı diaspor təşkilatımız Xocalı faciəsinin 30-cu ildönümü və ermənilər tərəfindən törədilən soyqırımı ilə əlaqədar müxtəlif tədbirlər keçirirlər.

Bu barədə AJMEDIA-ya Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.

Diaspor sədri bildirib ki, Xocalıda erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımı barədə yapon ictimaiyyətini daha geniş və obyektiv məlumatlandırmaq üçün diaspor təşkilatı tərəfindən internet resurslarına yeni məlumatlar əlavə edilib. Ermənilərin dünya ictimaiyyətini faciə barədə aldatmaq cəhdlərinin qarşısını almaq, onların guya bu faciəni törətmədiyi barədə informasiyaları obyektiv məlumatlarla dəyişdirmək istiqamətində iş aparılır.

X.Kələntər qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar “Wikipedia” onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan “Azerbaijan”, “Azerbaijan Japan Friendship Center”, “Japan&Azerbaijan”, “Azərbaycan-Yaponiya”, “Azerbaijani diaspora in Japan” və digər sosial şəbəkə səhifələrində yayılıb. Bununla yanaşı, “Cross Border Club 3.0” yutub kanalında faciənin 30 illiyi ilə bağlı xüsusi veriliş hazırlanıb və “ajmedia.jp” saytında xüsusi məqalə dərc ediləcək.

Məlumatlarda və verilişdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb. Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanındığı qeyd edilib. Dünyanın 10-dan çox ölkəsinin, həmçinin ABŞ-ın 20-dən artıq ştatının, İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığı vurğulanıb.

Bununla yanaşı, həmin məlumatlarda Xocalı faciəsinin qisasının yerdə qalmadığı, ötən ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların azad edildiyinə xüsusi diqqət yetirilib. Hazırda bu ərazilərdə Azərbaycan rəhbərliyi tərəfindən böyük bərpa və quruculuq işlərinin aparıldığı vurğulanıb.

Faciə barədə yapon ictimaiyyətinin məlumatlandırılması ilə bağlı bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən xüsusi aksiyanın planlaşdırıldığını qeyd edən X.Kələntər həmin tədbir çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış və üzərində faciə barədə məlumatların əks olunduğu maskaların, xüsusi broşürlərin paylanacağını da bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts