Tokio, 13 yanvar , /AJMEDIA/
Azərbaycan hesab edir ki, nəticələr Avropa Şurasının insan hüquqları üzrə komissarının səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.
AJMEDIA xəbər verir ki, bu fikirlər Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına – müşahidələrinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.
“Komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır. Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Bu, uzunsürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd olunduğu nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir”, – deyə XİN-in şərhində vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət edib. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir.