Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Tokio, 30 iyun , /AJMEDIA/

İyunun 27-29-da Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada keçirilən Dubrovnik Forumunda iştirak etmək məqsədilə, bu ölkədə işgüzar səfərdə olub.

Azərbaycan XİN-dən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Forumun “Liderlər Paneli. Nöqtələrin birləşdirilməsi: Etibarlı Təchizat Zəncirləri və Dəniz Təhlükəsizliyi” panelində çıxış edib. Elnur Məmmədov çıxışında ölkəmizin son 30 ildə həyata keçirdiyi irimiqyaslı enerji layihələri, tranzit imkanlarının inkişaf etdirilməsi barədə danışıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətində əməkdaşlığı, o cümlədən “Qara dəniz sualtı kabeli” layihəsi barədə məlumat verib.

Səfər zamanı, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib. Xorvatiyanın xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiçlə keçirilmiş görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, mədəniyyət, humanitar, minatəmizləmə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq barədə qarşı tərəfi məlumatlandırıb.

Bununla yanaşı Elnur Məmmədovun, Xorvatiyanın Daxili İşlər Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəhbəri Damir Trutla da görüşü keçilib. Görüşdə, Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahədə, xüsusilə də ölkəmiz üçün prioritet olan humanitar minatəmizləmə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu istiqamətdə gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Minatəmizləmə sahəsində ixtisaslaşmış Xorvatiya şirkətləri ilə ANAMA arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir müavini həmçinin Xorvatiyanın dövlət televiziyası HRT1-ə müsahibə verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts