Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işini sessiyalarla davam etdirib

Tokio, 11 sentyabr, /AJMEDIA/

Forumun ikinci gününün ilk sessiyası Fransanın Tuluza Universitetinin nəzdində Milli Tarbes Mühəndislik Akademiyasının dosenti Aynur Quliyeva və “Oracle France” Beynəlxalq şirkətində tədqiqat məsləhətçisi Reyhan Həsənovanın moderatorluğunda keçirilib.

AJMEDIA xəbər verir ki, xaricdə yaşayan alimlərimiz sessiyada müxtəlif maraqlı mövzularda çıxış edib, fikir mübadiləsi aparıblar.

Boras Universitetinin dosenti, SONOMA elmi mərkəzinin elmi işçisi – tədqiqatçısı Səadət Kərimi Azərbaycan Respublikası ilə Skandinaviya və digər Qərbi Avropa dövlətləri arasındakı elm və təhsil münasibətlərinin aktual məsələləri mövzusunda çıxış edib.

Kanadanın York Universitetində Elm Fakültəsinin Riyaziyyat və Statistika Departamentinin mövsümi dosenti Yulduz Rəhimov ətraf mühit nümunələrinin proqnozlaşdırılmasında və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərinin rolundan danışıb.

Birləşmiş Genom İnstitutunun Laürence Berkeley Milli Laboratoriyasının personal data alimi (staff data scientist) Asəf Salmanov “Məlumat elminin (data science) inkişafı Azərbaycanda prioritet sahələrdən ola bilər” mövzusunda bir çox vacib məsələlərə toxunub.

Marmara Universitetinin dosenti, Qafqaz dil və mədəniyyətləri kafedrasının müdiri Mehdi Gəncəli “1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks sədası” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb.

Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsində azərbaycan dili müəllimi, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin sədri Seymur Nəsirov Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında məlumatlardan bəhs edib.

Kahramanmaraş Sütçü İmam Universitetində Siyasət elmi və beynəlxalq əlaqələr bölümünün rəhbəri Toğrul İsmayıl Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələri ilə bağlı fikirlər səsləndirib.

İqtisad elmləri namizədi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri Nigar Məsumova Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivlərindən söz açıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Safeguards” departamentində İnformasiya Sistemləri şöbəsinin rəhbəri Bəxtiyar Siracov Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəaliyyəti haqqında məlumat verib.

Sessiyada bütün mövzular maraqla qarşılanıb və tədbir sualların cavablandırılması, alimlərin fikir mübadiləsi ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts