Tokio, 14 iyul , /AJMEDIA/
Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən AJMEDIA-ya bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini, işçi qrupun rəhbəri Elnur Əliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaqdır. Qeyd edilib ki, stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.