Tokio, 10 fevral , /AJMEDIA/
Bu gün qloballaşan dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar və bundan irəli gələrək dünya siyasi arxitekturasının yenilənməsi fonunda Azərbaycan yeni dönəmə artıq tam müstəqil, suveren, demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi daxil olur, eyni zamanda, davamlı inkişaf gündəliyinin icrasının labüd olduğunu açıq bəyan edir.
Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Xankəndidən başlanan tarixi seçki” sərlövhəli məqaləsində yer alıb.
2020-ci il sentyabrın 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın hərbi qüvvələri, eyni zamanda, Qarabağda qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələr məhv edildi, ölkəmizin konstitusion suverenliyi bərpa olundu.
2023-cü ilin sentyabr ayına qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Azərbaycan Prezidenti müdrik xalqımızın haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə dair qərar verməklə oktyabr ayının 15-də Xankəndidə hər bir azərbaycanlıya canı qədər doğma olan üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı.
Prezident İlham Əliyev 2023-cü il dekabr 7-də Azərbaycanda ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərini əhatə edən, Azərbaycan xalqının hər bir üzvünün iştirakını nəzərdə tutan növbədənkənar Prezident seçkilərinin keçirilməsinə dair Sərəncam imzaladı. 2024-cü il fevralın 7-də suveren Azərbaycan Respublikasında Prezident seçkiləri təşkil olundu və bu seçkilər “Zəfər seçkisi” kimi xalqımız tərəfindən yüksək iştirakçılıqla dəyərləndirildi.
Bu seçkinin ən böyük əlamətdar və tarixi əhəmiyyəti ondan ibarətdir ki, 200 illik dövlətçilik tarixi olan Azərbaycanın bütövləşmiş ərazisinin hər bir şəhər, rayon və kəndində təşkil olunmuşdu. Ali Baş Komandan olaraq ərazilərimizi işğaldan azad edən, müzəffər Azərbaycan Ordusuna əmr verən İlham Əliyev bu seçkilərdə səsini məhz Xankəndidə verməklə Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcının əsasını qoydu.
Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin təşkilati işlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun aparılmasını müşahidə etmək üçün Azərbaycana dəvət olunmuş mütəxəssislər, jurnalistlər, media və beynəlxalq təşkilatlarla yanaşı, dünya ölkələrinin parlamentlərinin nümayəndə heyətlərinin də iştirakı yüksək səviyyədə təşkil olundu.
Son illərdə həyata keçirilmiş infrastruktur islahatları, habelə xalqımızın qonaqpərvərliyi, dövlətimizin multikultural dəyərlərə sadiqliyi, eləcə də Azərbaycanın davamlı inkişaf gündəliyinə əvəzsiz töhfələri müşahidə missiyalarının nümayəndə heyətlərinin bəyanatlarında öz əksini tapdı. Azərbaycana dost dövlətlər və Azərbaycanda akkreditasiyadan keçmiş rəsmi nümayəndə heyətləri Azərbaycan xalqının sərvətinə çevrilmiş, layiqli oğlu İlham Əliyevin qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək ehtiramla qiymətləndirilməsini xüsusi vurğu ilə öz təbriklərində ifadə edirlər.