Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin apreli

Tokio, 25 iyul , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1-13 aprel. Prezident Heydər Əliyev ABŞ-da işgüzar səfərdə oldu.
16 aprel. ABŞ Senatının üzvü Riçard Şelbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
19 aprel. Türkiyənin Prezidenti Əhməd Necdət Sezer ilə telefon danışığı oldu.
24 aprel. MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etdi.
23-25 aprel. Türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə oldu və İstanbul bəyannaməsini imzaladı.
28 aprel. Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə çıxış etdi.
30 aprel. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının maddi-texniki təminat rəisi, korpus generalı Hurşit Tolon ilə görüşdü.
Pakistanın Azərbaycandakı səfiri xanım Əsma Ənisəni qəbul etdi.

X X X

Prezident Heydər Əliyev 2001-ci il aprelin 1-dən 13-dək ABŞ-da işgüzar səfərdə oldu. Aprelin 3-də Ki-Vest şəhərində ilk dəfə olaraq ABŞ Dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan Prezidenti Heydər Əliyev, Ermənistan prezidenti Robert Koçaryanın birgə görüşü keçirildi. Görüşdə çıxış edən Ulu Öndər Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilmədiyini xatırlatdı. Münaqişənin tənzimlənməsinə dair Minsk qrupunun irəli sürdüyü üç təklifin hər birinin ölkəmizin mənafeyinə zidd olduğunu, “ümumi dövlət” təklifinin isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirməyə yönəldiyini vurğulayaraq buna qəti etirazını bildirdi: “Azərbaycan həmsədrlərin birinci və ikinci təkliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddəaları beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə də Ermənistan bu təklifləri qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqe tutdu. Həmsədrlərin “ümumi dövlət” təklifini biz qəbul etmədik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan “ümumi dövlət” məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabərhüquqlu “ümumi dövlət” subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir. Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir”.
Ulu Öndər aprelin 4-6-da ABŞ-ın Dövlət katibi Kolin Pauell, Minsk qrupunun həmsədrləri Keri Kavano, Jan Jak Qayyard, Nikolay Qribkov və ATƏT-in Baş katibi Yan Kubiş ilə danışıqlar apardı. Aprelin 9-da Vaşinqtonda ABŞ Prezidenti Corc Buş ilə görüşdü. Ümummilli Lider bütün görüşlərdə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi.
Prezident Heydər Əliyev aprelin 23-25-də türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə oldu. Zirvə görüşündə nitq söyləyən Ulu Öndər türkdilli dövlətlər arasında mədəni, iqtisadi əlaqələrin, o cümlədən beynəlxalq layihələrdə iştirakın əhəmiyyətindən danışdı. Bununla yanaşı, separatçılıq, terrorçuluq və dini ekstremizmin qarşısını almaq üçün dünya birliyinin, eləcə də Türkdilli Dövlətlər Birliyinin birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğuladı.

X X X

Ulu Öndər Heydər Əliyevin Türkdilli Dövlətlərin Başçılarının VII Zirvə görüşündəki nitqindən

• VII Zirvə görüşü bir daha təsdiq edir ki, müstəqillik qazandıqdan sonra xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət nəticələr vermiş və gələcək üçün aydın perspektivlər açmışdır.

• Bizim zirvə görüşlərimiz nəticəsində bir sıra nəcib ənənələrin əsası qoyulmuşdur. Onların sırasında dahi şəxsiyyətlərimizin, milli mədəniyyətlərimizin korifeylərinin, bəşər sivilizasiyasının inciləri möhtəşəm eposlarımızın əlamətdar ildönümlərini, xalqlarımızın həyatındakı mühüm tarixi hadisələri birlikdə bayram etməyimiz əhəmiyyətli yer tutur.
• Bu gün hamımızı birləşdirən nəhəng layihələrdən biri də Xəzər hövzəsindəki enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarına çıxaracaq infrastrukturların yaradılmasıdır. 1994-cü ildən başlayaraq, Azərbaycanın ardıcıl surətdə həyata keçirdiyi enerji strategiyası nəticəsində dünyanın iri neft şirkətlərinin təmsil olunduğu konsorsium ilə məşhur “Əsrin müqaviləsi” imzalanmış və Xəzər hövzəsi enerji ehtiyatlarının işlənilməsi üzrə uzunmüddətli beynəlxalq əməkdaşlıq bölgələrindən birinə çevrilmişdir.
• Türkdilli dövlətlərin iqtisadiyyatının dirçəlməsində mühüm rolu olan TRACECA və Böyük İpək Yolunun bərpası layihələrini xüsusi qeyd etmək lazımdır. TRACECA proqramını yerinə yetirib Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini reallığa çevirməklə, biz həm iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkanlar yaradır, həm də regionumuzda sülh və sabitlik şəraitini möhkəmləndiririk.
• Ermənistanın Azərbaycana hərbi təcavüzü xalqımıza böyük zərbələr vurmuşdur. Biz bu münaqişəni aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq. Hesab edirəm, bizim düşdüyümüz vəziyyətdən hamı nəticə çıxarmalıdır. Hər bir hərbi təcavüzün qarşısı vaxtında alınmalıdır və dünya birliyi onun qarşısını almaq üçün ən qəti tədbirləri həyata keçirməlidir.
• Separatizmin, terrorizmin, dini ekstremizmin qarşısını almaq üçün dünya birliyi, eləcə də Türkdilli Dövlətlər Birliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər. Bu təhlükələr isə yalnız Cənubi Qafqazda deyil, digər regionlarda da mövcuddur.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən türk dünyasının nüfuzunun artmasına səbəb olub. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. İşğaldan azad edilmiş Şuşa şəhəri isə 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Bu ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan” fövqəladə Zirvə görüşü keçirilib. Göründüyü kimi, Ulu Öndərin türk dünyasının birliyinə və sıx münasibətlərinə dair ideyaları real həyatda təcəssümünü tapmaqdadır.
Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts